image

Əli və Nino – səkkiz il sonra bu roman əsasında çəkilmiş filmi izləməyə getdim..Kitabı 14 yaşım olanda oxumuşdum. 9-cu sinifdə oxuyurdum və bu kitabı özümə hədiyyə etmişdim. Hətta deyə bilərəm, 2009-cu il, May ayının 9-u idi, məktəbə gedəndə mənə verilən 20 qəpikləri yığıb, 9 manat hazır etmişdim. Məktəbdən çıxıb gedib Ədəbiyyat muzeyinin daxilindəki kitab mağazasından 8 manata almışdım. O zamanlar milliyyətçi, türkçü və hətta çox dindar dövrlərim idi. Bəli, 14 yaşımda idim və bu kimi anlayışlarla yaxşı baş edə bilirdim. Baxmayaraq ki, bir nöqtədə bir-birinə ziddirlər. İndi bəzi şeylər mənə axmaqlıq kimi görsənsə də 14 yaşım üçün bu əla bir şey idi. 🙂


Kitabı almaq istəyim əslində əsərin tarixi hissələrinə görə idi. Çünki qadın kişi arasındakı sevgi hekayəsini dərk etmirdim. Mənə cəzbedici görsənən şey ancaq tarixi-romantik romanın “tarixi” olan hissəsi idi. Bu romanla Qurban Səidi o qədər sevmişdim ki, ardınca da “Altunsaçı” anamın əmisigildən “oğurlayıb” oxumuşdum. Bakının köhnə küçə adları, binaları, Bakıda baş verən hadisələrin təsviri məndə Manaf Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabını oxumağa həvəsləndirdi. Bu üç kitab 14-15 yaşlarında olan bir qızın xəyallarına çox təsir etmişdi. “Əli və Nino”dakı sevgi hekayəsi mənə elə sehirli görsənirdi ki, amma bir yandan da vətənpərvər hisslərim o dövr üçün bu kitabı maksimum emosionallıqla oxuyub, qəbul etməyimlə nəticələnir. Arada Ninoya hirslənirdim, onun kitabdakı müəyyən hisslərini qəbul edə bilmir, Əliyə sevgi bəsləyirdim. Amma indi 22 yaşlı Əminə filmə baxanda Ninonu elə yaxşı başa düşür ki…yenə də Əliyə sevgi bəsləyir amma açıb kitabı, Ninonu tapıb bağrıma basıb, “bağışla, axmaq olmuşam” deməyim gəlir..
O zamanlar həyat təsəvvürümdə başqa cür idi. Kitabda Bakının, həmin dövr Azərbaycan tarixinin ifadə olunma tərzi məni o qədər duyğulandırırdı ki..düzü hələ də duyğulandırır. Maraqlısı odur ki, kitabdan bir neçə hissə illər keçsə də ağlımda möhkəm ilişib qalıb. İçindən ən gülməli olanını qeyd etmək istəyirəm: səkkiz il keçib və səkkiz ildir ki, hər gün dişlərimi fırçalayanda bu əsər yadıma düşür. Hətta fırçanı kənara qoyandan sonra şəhadət barmağımla dişlərimi barmaqla da “fırçalayıram”. Səbəbi isə Nino İranda olanda, ona qadının dişlərinin necə önəmli olması, fırçalayarkən barmaqları ilə fırçalaması filan hissəsini xatırlayıram. Gülməlidir bilirəm, amma belədir. 😀
Əli və Ninodakı Əli xan Şirvanşir, Altunsaçın Con Ronaldı 14-15 yaşlı qızın “ağ atlı şəhzadəsini” canlandırması üçün bir səbəb idi. Bunu xəyal etmək o zamanlar mənə maraqlı hisslər yaşadırdı.
Akademiyada oxuyanda 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərinə aid incəsənət tarixini o qədər yaxşı bilirdim ki, bunun səbəbi də elə bu illərdə oxuduqlarım idi. İçərişəhərin Bayırşəhərə doğru genişlənməsi prossesi barədə bəlkə də 10 dəfə oxumuşdum. Sonra “Qurban Səid əslində kimdir” sualları ilə özümə yeni maraqlar kəşf edirdim guya..amma hər şey doğurdan maraqlı idi. Heç kimi sevmirdim, Bakını, kitablardakı obrazları, incəsənət tarixi və incəsənət xadimləri xaricində heç bir həyəcanım, heç bir duyğum yox idi. Həmin illərdən etibarən məktəbdə iki gün bulku almayıb şəhərə qaçırdım. Kitabda oxuduğum bütün küçələri bir-bir gəzirdim, indi hansı adla adlandırıldıqlarını aydınlaşdırmağa və əzbərləməyə çalışırdım, binaları axtarırdım, incələyirdim. Buna görə də bugün Bakının küçələrini adla əzbər bilirəm. Hansı küçə haradadır, adları ilk dəfədən bugünə necə dəyişib, hansı bina niyə var, hansı əhəmiyyət kəsb edib və s. Tək başına gəzib özüm üçün etdiyim bu kəşflər həmin illərimi əvəzolunmaz edib. Sonra bu hisslərim o qədər coşğun hala çatırdı ki, çoxlu hekayələr, şeirlər yazırdım. Həyat doğurdan da sehirli idi… Və yalnız bu yazını yazmağa başlayanda 8 il keçdiyinin fərqinə vardım. Yazdıqca da necə əhəmiyyətsiz səsləndiyini hiss edirəm.
Gəlim indi film barədə təəssüratıma; bu filmə tək baxmaq istəyirdim. Özümə çox əvvəldən bilet aldım və səbrsizliklə həmin tarixi gözləməyə başladım. Məni səbrsizləndirən həmin romanın filmi, yaxud bu qədər səs-küyə səbəb olan film, bu qədər büdcəsi olan, filan aktrisa, filan aktyor, filan şey..və digər şeylər deyildi. Məni səbrsizləndirən o illərdə keçirdiyim hissləri yenidən keçirmək idi. Başa düşməyə başlayıram ki, niyə insanlar geridə qoyduğu hansısa duyğuları üçün daim xoş bir heyfslənmə hiss edirlər. Axı bütün axmaq səslənən amma ən gözəl xəyallar 14-15 yaşlarında qurulur, düzdür 30 yaşlarımda 20-lərimi xatırlayacam amma yenə də 14-15-lər mənim həyatım üçün çox önəmli idi. Ondan sonra sürətli böyüməyə başladım və hələ də bu sürət azalmır ki, artır..Filmin tarixinə az qalmış niyəsə iş yoldaşıma birgə getməyi təklif etdim. Doğrusu bunu onun üçün bir dəyişiklik olsun deyə etmişdim, razılaşmağı məni çox sevindirdi, bir bilet oldu iki bilet amma nəticədə mən iki nəfərlik biletlə tək getməli oldum. Deməli, kainat mənim duyğularımı ciddi qəbul etdi. Elə alındı ki, gedib tək oturub, “nə olar filmin gözəl musiqisi olsun” deyə öz-özümə pıçıldamağa başladım. Musiqi mənim üçün çox önəmli idi. Nəticə məni qane etdi. İlk dəqiqəsindən kövrəlməyə başladım. Bu filmə görə deyildi..Xəyallarıma görə idi. İçimə enib balaca Əminəni qucaqladım, onu möhkəm sıxdım ki, ağlamasın, çünki ağlasa onu qoyub gedəcəkdim..
Film boyu gözlərim iki səhnəni axtarırdı. Bu qeyri ixtiyari idi. Biri, Əlinin Naxararyanın arxasınca gedib onu öldürməsi, biri də Gubernator bağı görüşləri. Bu sevgi hekayəsinə daxil olan bütün obrazlar, bütün hadisələr, bütün məkanlar sadəcə Azərbaycanın həmin dövrdə yaşadıqlarının başqa dildə izahıdır. Qurban Səid bir sevgi hekayəsi vasitəsilə bu çətin dövrü çox yaxşı izah edib, amma film bunu izah edə bilmədi. Düzdür, filmdən çox şey gözləmirdim. Çünki film nəticə etibarilə rejissor işidir və biz yazıçıdan umulanı rejissordan uma bilmərik. Filmdəki məkanlar, bütün dekorativ işlər, geyimlər, aktyor işi hər şey qaydasında idi, sadəcə ümumi ssenari üzrə emosiya çatışmazlığı var idi. Yəni belə izah edim; sanki nəsə mesaj verməyə amma çox da gözə soxmamağa, mesaji yüngül dildə çatdırmağa çalışıblar amma uğurlu alınmayıb. Yəni filmdə bir “hürkəklik” var. Həsən soxdu, bas Məmmədi alınıb bir az. Elə bil harasa tələsiblər çəkəndə. Ayrı-ayrılıqda bütün kadrlar təsirli və təsvir baxımından da bütün detallar xoşagələn idi, lakin ümumi hadisədə bir boşluq var idi. Müstəqilliyin elan olunduğu hissə ümumiyyətlə gülməlidir, bu prossesdə niyə ancaq Fətəli Xan Xoyski iştirak edir? Azərbaycan tarixinin yazılmasında böyük əhəmmiyyət kəsb edən digər şəxslər haradadır? Niyə müstəqillik “dağın başında” elan edilir? Hansı aralıqda himn yazılıb, tək rəngli bayraq üç rəngli olub? Amma bütün hallarda bunlara çox əhəmiyyət vermədim, çünki mən filmi incələməyə getməmişdim; görüm bu qədər pulu nəyə xərcləyiblər, görüm “camaatın qarşısına” nəyi çıxardıblar, kitabdakı hissləri ötürə biliblərmi, sevgini necə izah ediblər, vətəni necə təqdim ediblər filan, tarixi nə qədər dəyişiblər..-bunların heç biri üçün getməmişdim. Hisslərimi yeniləmək, içimdəki ölü xəyalları qıcıqlandırmaq üçün getmişdim. Yeniyetmə vaxtı qurduğumuz sevgi xəyallarının, vətən sevgisinin, həyatdan umduğumuz bütün hisslərin, kitablardakı hekayələrin, obrazların, ağrımayan ürəyin, məşğul olmayan beynin zamanla necə dəyişdiyini, təsəvvürümüzdəkindən hansı dərəcədə fərqləndiyini görmək və bu narahatlığın artıq ürəyinə qədər enib amma ora girib səni kədərləndirməsinə icazə verməməyi böyük ustalıqla bacarmaqdı böyümək. 🙂 (bu tükənməz cümlə üçün üzr istəyirəm). Hər şeyi xatırlamaqdan zövq alırsan amma buna görə kədərlənmirsən.
Bir də Əli ölən səhnədə bir şeyi düşündüm: heyf ki, bu ölkə bu günə qaldı, heyf ki, “vətən” sözü bu qədər əhəmiyyətsizləşdi, son neçə ildə vətəni sevən hər kəs dəyişib vətəni sevənə pis baxmağa başladı, heyf ki, bütün o hisslərimizə tüpürüb keçdik..və heyf ki, sonuncu sevgilər sonuncu illərini yaşadı və daha Əlilər yoxdu, Ninoların da gözlərində işıqlar söndü..

 

 

*səhər oyananda hisslərimi bu qədər bərbad izah etdiyim üçün utanacam bəlkə də, amma yenə də bu burda qalsın.  🙂