NABAT
9 Dek, 2015

Dünən Nizami kinoteatrında “Bizim Kino Günləri”nin yekunu olaraq “Nabat” filmi mediaya təkrar təqdim olundu. Doğrusu, filmi izləməmişdim, məhz bu səbəbdən də mənim üçün ilk oldu. Quruluşçu rejissoru Elçin Musaoğlu olan film Cəfər Cəbbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 2014-cü il istehsalıdır.

Mən, ümumiyyətlə, öncəki vaxtlarda filmə sadəcə film olsun deyə baxırdımsa, ssenaridən başqa heç bir şeyə diqqət etmirdəmsə, artıq son zamanlarda filmi sənət kimi izləməyə, bütün heyətin işinin fərqinə varmağa və bunu özüm üçün qiymətləndirməyə başlamışam. Fotoqrafiya anlayışım filmə kadr-kadr baxmağa kömək edir, lakin təbii ki, video çəkilişin öz özəllikləri var və bu amilləri hələlik tam dərk etmirəm. Buna baxmayaraq sırf tamaşaçı kimi Qarabağ müharibəsi dövründən bəhs edən bu filmi yaxşı film olaraq qiymətləndirdim. Filmdə iranlı aktrisa Fatemeh Motamed Arya, Vidadi Əliyev, Fərhad İsrafilov, Sabir Məmmədov kimi aktyorlar rol alıb. Şiddətli müharibə səhnələri, qan, çığır-bağır olmadan, həmin dövrü sükutla izah edə bilən uğurlu bir filmdir. Elə bu səbəbdəndir ki, dünyada film yaxşı qarşılanmış və iyirmiyə yaxın festivalda təqdim olunmasına heç bir maneə yaradılmamış, 10-a yaxın mükafat almışdır.

 

Nabat-2

Axı mən də acmışam..

Filmdə əsas rolda Nabat adlı qadındır. Həyat yoldaşı İsgəndər yataq xəstəsidir, tək oğulları isə şəhid olub. Onların evləri kənddən uzaqda, nisbətən hündürdə yerləşir, Nabat isə iki gündən bir səhər Ağca inəyi sağıb, südü satması üçün kənddə süd satana aparır verir və o yolu geri qayıdır, həyat yoldaşına yemək yedirdir, dərman içirdir, odun qalayır, paltarı yuyur, asır və ipdən götürüb ütüləyir.. sonra həyat yoldaşını çimdirdiyi səhnə var..-yəni qadının gündəlik və həftəlik işi çox konkretdir. Hər gün səhər oyanıb axşama kimi nə edəcəyi bəlli olan bir həyat yaşayır. Nabat hər dəfə kəndə süd aparıb-gətirəndə insanların növbə ilə oranı tərk etdiklərini görür. Davamlı tələblər, hər axşam atılan atəşlər onları buna məcbur edir. Beləliklə, hamı kəndi tərk edir. Hətta İsgəndər də..qadın öz həyat yoldaşının nəşini yuyur, arabaya qoyub, inəklə birgə oğlunun qəbrinin yanında dəfn etmək üçün aparır.

Evlər tərk edildikdən, işıqları söndükdən, kənd zülmətə qərq olduqdan sonra artıq düşmən tərəf əraziyə daxil olub işğal etməli idi. Nabat isə hər gün səhər kəndə gedib evlərdə lampa işığı yandırır. Axşamlar da oturub hündürdən dağın döşündəki boş evlərin ümidsizcə yanan sarımtıl lampa işıqlarına tamaşa edir. Amma hara kimi? Nöyüt bitir, lampalar sönür..və kəndə daxil olurlar-düşmənlər yox, elə azərbaycanlı əsgərlər..bir neçə sadə xalq nümayəndələri ilə kəndə yeni nəfəs verirlər.

Ümumiyyətlə filmdəki səhnələr mənə macar rejissoru Bela Tarrın “Turin atı” filmini xatırlatdı-sadəcə rəngli halda. Hər iki filmdə yataq xəstəsi olan kişi və hər günü demək olar ki, eyni şeydən ibarət olan qadın var. Ordakı atanı burda həyat yoldaşı əvəz edir, yeyilən kartof soyutmasını burda süd-çörək, inəyi at və s. əvəzləyir..filmə baxdıqca mən beynimdə sırf səhnə baxımından bu iki filmi müqayisə etməyə çalışırdım. Bundan əlavə, filmin dəqiqələri keçdikcə sanki bir anlıq Nuri Bilgə Ceylanın filmini izləyirsən. Hər halda müəllif Nuri Bilgə Ceylanı çox bəyənir ki, bu tərz filmində də çox hiss olunur. Pis alınıbmı? Xeyr, əla alınıb! N.B.Ceylanın filmlərini sevməyən biri gərək “Nabat”a baxmasın-filmin çəkilişi, aktyorların aktyorluq bacarığını görməyəcək, insana ötürülən hisslərin qüvvəsini, filmin ideyasını duya bilməyəcək..-sadəcə darıxacaq.

Filmdə qadın çox sakit, təmkinli bir obrazdır. Əslində, vəziyyət insan ürəyini dayandıracaq qədər çətindir, buna rəğmən qadın yenə də sona kimi çox güclü, sarsılmaz bir ab-hava yaradır.

Film bitəndə Elçin müəllimə sual verdim ki, “sizcə, azca da olsa hansısa mərhələdə qadın fəryad etməli deyildimi”? Elçin müəllim cavab olaraq, “o fəryadı özünüzdə hiss edə bildinizmi”?-deyə soruşdu, “bildim” dedim.

Həqiqətən də bu fəryadı duya bilirsən. Qadın kəndə gedəndə kəndin fotoqrafından oğlunun foto şəklini istəməsi, orda tapmayıb Kənd Sovetinə getməsi və aldığı cavabı dinləmədən dönüb getməsi.. -bu səhnədə qadının daxilindəki iztirabı özündə hiss edirsən, köksün daralır, narahatlıq keçirirsən. Sonra öz həyat yoldaşını  dəfn etmək üçün aparanda yağan sıx yağış, daşlı, palçıqlı yolda arabanın təkərlərinin çətinliklə fırlanması, inəyin çəkdiyi əziyyət, qadının soyuqqanlı şəkildə arabanı çəkə-çəkə aparması sanki onun bütün daxili durumunu izah edir.

Filmin sonunda verilən sualların biri də belə idi: niyə adətən filmlərdə tək qalıb əzab-əziyyətə bu qədər soyuqqanlılıqla dözən, daxili iztirabını bu dərəcədə idarə edən şəxslər həmişə qadınlar olur? Niyə elə bir kişi obrazı yoxdur? Bəlkə var, biz bilmirik?

Filmdəki digər heyvan obrazı qurd idi. Ərazini hər kəs tərk etsə də Nabatla birgə orada bircə həmin qurd qalmışdı. Qurd sadiqliyi rəmzləşdirmək üçün ən yaxşı seçim idi.

Sonuncu kadrlarda evin qarşısında oturmuş , əli yanına düşmüş Nabatı görürük. O, ölmüşdü? Bəlkə də yox? Nabat cismən ölmüş kimi görsənsə də üzündəki ifadə əksini göstərirdi. Rejissor qərarı tamaşaçının verməsini istəmiş; Nabat ölsün, yoxsa qalsın?

Təbii ki, Nabat ümumiləşdirilmiş obraz idi: Qarabağ müharibəsi dövrünün qadınlarının, sadiqliyin..Sonda da o sanki missiyasını tamamlamış və ölümə hazır şəkildə oturmuşdu. Əgər, ölməmişdisə də, artıq rahat ölə bilərdi.

Rahat ölmək demişkən, mediadan başqa Türkiyədən qonaq gəlmiş şəxslərdən biri də filmlərində adını “yapımçı” sözünün qarşısında oxuyub, “ah, kimdi axı bu Osman Sınav” dediyimiz Osman Sınav idi. Onu da gördüm, daha rahat ölə bilərəm.

Qeyd 1.: Filmdə heç bəyənmədiyim bir şey evdə Nabatla İsgəndərin şəkilləri arasında oğlu üçün boş qalmış yerdə sonda Çe Qevaranın şəklinin asılması idi. Qeyd 2.: Gələn dəfə filmə baxmağa gələndə xronometrajına baxın və o vaxt ərzində oturub-otura bilməyəcəyinizi dəqiqləşdirin.

Nabat-5

Elçin Musaoğlu (rejissor)

Nabat-6

Vidadi Əliyev (İsgəndər rolunda)

 

  • Fotolar mənə aiddir.

 

Bir cavab yazın