Yad şəhərin yad evində oturmuşam,
yadlaşıram keçmişimə.
Yad fincana çay süzürəm,
yad krandan gələn suyu qaynatmışam,
dəmləmişəm,
yad masada tək içirəm.
◦
Yad ay baxır pəncərədən,
yad səs gəlir,
yad küçədən,
yad meh əsir,
ağ pərdədən..
dolur içəri,
nəfəsimə qarışır,
hər alışda nəfəsimi yadlaşdırır,
axır ürəyimə yad nəfəsim,
ürəyimi daşlaşdırır..
◦
Nə qədər yad əşya baxır
Hal-hazırda gözlərimə,
doğmalaşırlar,
yaddaşımda yer edirlər özlərinə.
Dilimdə dilim yadlaşır,
Beynimdə fikrim..
yadlaşıram sizə,
yadlaşıram özümə.
Yadlaşır alışdığım yuxular,
qorxular,
qulağımda səslər yadlaşır,
burnumdakı qoxular.
Hər saniyə keçdikcə,
yadlaşa-yadlaşa gedir bütün anılar.
Ardlarınca baxırammı?
Baxmıram.
Bircə dənə şeir yazıb,
şeirlə də yola salıram.