Sevmirəm heç gecəni,
Səhəri gözləməkdən.
Yuxu gəlib çatmayır,
Yorulmur gözlətməkdən.

Hər gün yeni bəhanə,
Barışa bilmir mənlə,
Gözümə uzaq düşüb,
Gəlib çıxmayır yenə.

Məni pərt halda hər gün
Göndərir sabahgilə,
Qapını açan kimi,
Yıxılıram üstünə.

Diyirləyib gündüzü
Üzü zülmət gecəmə,
Bir damcı röya umub
Uzanıram yerimə.

Yenə kefinə düşüb
Ulduzlarla gəzirlər,
Məni də otaqdaca
Unudub, əylənirlər.

Biz heç dost olammadıq
Bu dünyaya gələli,
Məni tək qoyub getdin
Elə hey gecələri.

Şeirə çevirmisən
Hər gecəmi, ay zalım,
Heçmi rəhmin gəlməyir,
Bəlkə mən də dinc alım?!

Bir cavab yazın