Çayım da soyuyur, gözləmir məni.
Ən böyük arzumdur isti çay içmək,
Hər neçə hissdirsə yenidən bilmək.
Hər əlim uzananda çayıma tərəf,
Görürəm içində soyuyub çayım,
Buz kəsib yenə də böyük fincanım.

Vaxt nə vaxt keçdi, nə zaman ötdü?
Hardan külək əsdi, çayımı soyutdu?

Oturub yazıram, çay yenə soyuyur,
Buxarı getdikcə taman yox olur.
Otağı bürüyür mixəyin iyi,
Bəlkə bu qoxudur mənə xoş gələn?
Götürüb aparır çox uzaqlara,
Dalıram sakitcə xoş xəyallara;
Orda nənəm sağdır, mətbəxi köhnə,
Əlləri qocadır, ürəyi tazə.
Mixəyi ovcunda ovuşduraraq,
Tökür çay dəminə xoşhallanaraq.
İkimiz də səbrlə gözlərik çayı,
Oturub içərik günəşə sarı.
Nənəm çayı sevərdi,
Mən də nənəmi,
Nənəm günəşi sevərdi,
Mən də nənəmi.
Nənəm yaşlanırdı çayı sevdikcə,
Günəşi azalırdı ömründən onun.
Nənəm köçdü getdi günəşi bitəndə,
Fincanı da yarımçıq stolda qoydu.
Soyumuş çayını başıma çəkdim,
O çay çayımı əbədi soyutdu.

Bugün mən sevirəm bu qara çayı,
İçirəm şaxtalı Yanvar axşamı,
Hər qurtum sonrası indi də mənim,
Ömrümdən azalır günəşin payı.

Bir cavab yazın