Heç vaxt düşünməmişəm ki, təbiət, yaxud tanrı bizə qəzəblənə bilər. Buna görə mövcud vəziyyəti qəzəb kimi qiymətləndirə bilmərəm.

Dindar vaxtlarımda da Allahın qəzəblənə biləcəyini heç vaxt düşünməmişdim. Baxmayaraq ki, seçdiyim və seçmədiyim digər dinlərin müqəddəs kitabına, sözünə bələd olmağa çalışırdım və oxuduqca Tanrının qəzəblənə biləcəyi məqamlara da rast gəlirdim, amma bu qətiyyən canıma qorxu salmırdı. Ona görə yox ki, belə sərf edirdi, ona görə ki, mənim nəzərimdə O o dərəcədə yüksək idi ki, cılız şeylərin qəzəbini ona yaraşdıra bilmirdim.

Bizə niyə qəzəblənsin ki? Biz öz cənnətimizi də, cəhənnəmimizi də özümüz yaradırıq. Tanrıya üz tutan, onu dərk edən, qəlbini də, dünyanı da gözəl edər. Etməsə də əziyyətini özü çəkər. Bu kimi proseslərdə Tanrının görəcəyi bir iş yoxdur. Çünki Tanrı bizim özümüzdədir və bu yalnız onu dərk edə bilmə həddimizdir. Bizik yaxşını da, pisi də yaradan. Zülm görəndə əlimizi göyə qaldırıb üsyan edincə, xoşluq görəndə yenə göyə boylanıb şükür edincə, bir dəfə də başımızı içəri doğru əyək. Çünki Tanrı yuxarıda oturub bizə boylanan, bekarçılıqdan bütün günü səni, məni, onu güdən bir dədə deyil, o bizim içimizdə doğub, böyüdüb, yetişdirdiyimiz bir qüvvədir.

Elə bu düşüncələr də, tutub qolumdan məni daha geniş bir müstəviyə tullamışdı. Tanrı mənim üçün o qədər böyük, dərin anlayışa çevrildi ki, artıq heç bir dinin çərçivəsinə sığmadı.

Bütün dinlər, məzhəblər əslində eyni şeyi desə də, insana ən sadə və uyğun dildə çatdırmağa çalışması ilə işləri korlamış olur. Yaxud insan özü həqiqət yoluna baş qoymasa, onsuz da istənilən söz izah verməkdə əksik qalar.

Uzun sözün qısası, bugün istər Allah deyin, istər Tanrı deyin, istər Kainat, istər ana təbiət, istər hoqqabaz, fərqi yoxdur, başınızı ona çevirmək istəyəndə içəri doğru əyilin, orda itmiş, azmış Yaradanı eşin, tapın.

Onda görəcəksiniz ki, dünyada nə baş verir versin, bu bizim qəzəbə tuş gəlməyimiz demək deyil. Onda əmin olun ki, nə olursa olsun O böyük qüvvə bizi sevir. Biz onun üçün hər addımı yeni təcrübə olan, zavallı, mərhəmətə möhtac, ən adi hadisə qarşısında aciz qalan, xırda para istəkləri ilə məşğul olan bir varlığıq. Bu halda o bizi yalnız sevməli və biz dərk etməsək belə, müvəqqəti olaraq bizim öhdəmizə verdiyi icraçı rolunu əlimizdən almalı olur. Çünki bəzən cəhənnəmi yaradanlar, cənnəti qurmağa çalışanları o qədər üstələyir ki, baş vermiş qarışıqlığı ancaq O böyük qüvvə araya girməklə qaydaya sala bilir. Buna görə səbrlə gözləyin ki, yaratdığımız zirt-zibili səliqə-səhmana salsın, sonra yenə bir-birimizlə yarışmağa, fiziki, mənəvi, maddi və zehni olaraq özümüzü və ətrafımızı tükəndirməyə davam edərik.

“The Young Pope” serialının sonunda belə bir cümlə eşitmişdim: “Tanrının sirri ona məlumdur, bizə məlum olsaydı o zaman bu onun sirri olmazdı.”

Buna görə insan yalnız dərk edə biləcəyi həddə dərk edə bilər və özündəki qüvvəni kəşf edərək həyatın möcüzəsinə vara bilər. Qalanı biz girən kol deyil, dirəşməyin. 💕

Bir cavab yazın