Külək aman vermir dünəndən bəri
Yelpazə beynimi üfürüb durur
Yolumu tərs qoyur, küçəni əyri,
Bilinməz döngədən sağa burulur.

Səhv dayanacaqda endirir məni,
Ardımca boylanır bəlkə karıxam,
Gözləyir sevinclə vıyıldayaraq
Necə hikmətdirsə mən də azmıram.

Gedirəm səhv yolu düz addımlarla
Birdən gur işıqdan gözüm qıyılır,
Bəzəkli darvaza açılır geniş,
Elə bil cənnətə qapı yarılır.

Həvəssiz baxıram baş verənlərə,
Bir nəfər tələsir üstümə sarı,
Çığırır ucadan, durma, içəri keç,
Üzü geri doğru yollardır bağlı.

Bir cavab yazın