Yaşadığımız ömür boyu hər addımda seçim edirik. Yəni əslində həyatımız seçimlərdən ibarətdi, öləcəyimiz gün xaricində həmişə hər şey üçün ən azı iki seçim olur, biz də hansınısa seçib davam edirik. Amma adətən o qədər xırda şeylər olur ki, fərqinə varmırıq, yalnız çox böyük, ciddi seçimlər qarşısında qalanda özümüzü itiririk. Həyat bizi ciddi nələr üçünsə seçim etmək məcburiyyətində qoyanda bu adətən belə olur: seçimlərdən hansının yaxşı, hansının pis olduğunu ayırd etməyə və yaxşı olanı seçməyə çalışırıq. Yaxud bilərəkdən pis olduğunu düşündüyümüzü seçirik. Yəni adətən bu proses belə baş verir. Baxmayaraq ki, bizim həyat təcrübəmiz nə qədər çox olursa olsun, yaşanmadan nəyin yaxşı nəyin pis olduğunu təyin edə bilmək, tam dəqiqliklə bunu dərk etmək insan varlığına ziddir. Amma yenə də bir az beynimizi bir az da ürəyimizi qurcalayıb nəticə əldə etməyə çalışırıq. Bəziləri ürəyinin, bəziləri də beyninin “səs çoxluğunu”nu qəbul edir. Çox əvvəllər həmişə ürəyimin dediyini seçmişəm, sonra beyni dinləməyin daha yaxşı olduğuna inandıran insanlar gəldi həyatıma, bunu qəbul edib, beynimin nəticələrini üstün tutmağa çalışdım və nəhayət illər sonra bunun məni qane etmədiyini, olmadığım kimi olmağa başladığımın fərqinə varanda, qayıdıb ürəyimdən üzr istədim, indi biz yenidən “dostuq”.


Seçim məsələsinin ən pis və çətin tərəfi o olur ki, həyat sənə bir neçə dənə yaxşı olduğunu düşündüyün seçimlər verə. Gəl indi otur, fikirləş ki, hansı yaxşı daha yaxşıdır. İnsanın o qədər canı sıxılır ki, istəyir kimsə onun yerinə seçim etsin və tezliklə bu məsələ bağlansın. Hazırda həyat bir neçə mövzuda məni seçim qarşısında qoyub. Hamısı eyni ana düşüb. Sanki həyatımın bir neçə tərəfindən seçimlər edib yeni həyata başlamalıyam. İstənilən seçim kəskin dəyişiklik yarada bilər deyə, düşünməkdən belə çəkinirəm. Düşünərək də heç nəyə varmaq olmur. Sadəcə yaşadığımız müddət boyu hər dəfə düşünərək addım atmağa çalışırıq, tələsirik qərar verməyə amma əslində bir an gəlir ki, ürəyin aşağıdan yuxarı böyük sevgi ilə qışqırır: Tapdım!

Bundan sonra kimsə sizin yerinizə qərar vemiş kimi daxilinizə xoşbəxtlik yayılır. O rahatlıq hissi ilə qaçaraq dağın başından tullansanız göydə süzə biləcəyinizi hiss edirsiniz. O qədər yüngül, mehriban hiss olur ki… Amma həmin anın gəlməsi üçün bir az zaman lazımdır. Bəs əgər zaman darlığı varsa? Bax, bu əsl faciədir! Mən də hazırda bu faciənin tam ortasında oturub ora bura boylanırdım. Amma dayandım! 🙂
Özümü dərk edəndən bəri sürətlə axıb gedən saniyələrin, dəqiqələrin, saatların, günlərin, həftələrin, ayların, illərin yəni bir sözlə, zamanla bağlı hər şeyin bu qədər mərhəmətsiz olmasını qəbul edə bilməmişəm. Axı niyə bu qədər sürətlisiniz? Hara tələsirik? Mən ölümə bu qədər sürətlə getmək istəmirəm. İçimdə bir kainata yetəcək qədər sevgi bəsləyirəm, artıq fontan vurur sevgim, dərimdən çölə axır. Bəs, bu sevgini, bu sevgidən doğan enerjini xərcləməmiş zaman bu qədər sürətlə hara gedir? Həyatım axıb keçdikcə ayağıma ilişən daşlara belə sevgi vermək istəyirəm amma o qədər sürətlə gedirik ki, çatdırmırdım və əvəzində stress keçirdirdim. Amma sən demə xoşbəxt olmaq üçün ilk növbətə zaman anlayışını unutmaq lazım imiş. Gündəlik saatlarımızı nəyə ayırmağımız baxımından yox, ümumi həyatımız baxmından. Və yalnız bu halda sevgini, enerjini yaşadığın ən xırda ana belə bəxş etməyə yetə bildiyini hiss edirsən.
Həyatın hazırda mənə qoyduğu çətin seçimlərin düz gözlərinə baxıram və sevgi ilə qəbul edirəm. Onları salamlayıram, əzizləyirəm və “gəlin, belə edək, siz özünüz qərar verin” deyirəm. “Hansınız mənimlə qalmaq istəyirsiniz”? – bu sualı verib, çamadanımı da vurub qoltuğuma çıxıb gedirəm. Onları özümlə daşımayacam. Qayıdıb hansı seçimlərin mənimlə qalmağı seçdiyini görsəm, onlarla da yenidən başlayacağıq. Çünki ürəyim özü hər şeyi həll edəcək, daha beyin kimi məni məşğul edib, zəhləmi tökməyəcək. 😀 Özü onlarla danışacaq, onların qərarını alacaq, müzakirə edəcək və hazır olanda həyəcanla “qışqıracaq”. Ürəyim dünyanın harasında olursa olsun, öhdəsinə buraxdığım bir şey varsa möcüzəvi şəkildə, mənə hiss etdirmədən özü hər şeyi qaydasına qoyur.

Tanrı ürəyimlə əlbir olsun. 🙂

 

*Mən yoxladım, nə qədər axmaq obrazda canlandırılsa da ürək insanı yanıltmır. İndi isə az qala hər kəsin sevdiyi amma mənim bəlkə bu dəfə sevərəm deyə düşündüyüm şəhərə gedirəm…burda deyiblər, “varsın dünya dönsün”.. 😀