Bu günlərdə bir yoldaşla söhbət əsnasında yaxşı cümlə istifadə etdi: “..daha keşf edecek çok insan, çok duygu, çok yer var..”. Söhbətimiz tamamlandıqdan sonra uzun müddət düşünməyə başladım; nə gözəl cümlədir bu, əsas da “duygu” hissəsi.

Yaşadığım ən adi hissi belə ciddi qəbul edən insanam, hər növ keçirdiyim hissi tam ürəyimin dərinliyində hiss etməyə çalışıram, hətta insan ürəyini incidən hiss olsa belə. Amma daha kəşf etmədiyimiz nə qədər duyğu var, təyin edə bilmərik. Yaşadığım sonuncu çox qüvvətli bir duyğu barədə yazmaq istədim.

İstanbulda ikinci günüm idi. Oteldə otağımın kondisonerini 28 dərəcədən aşağı salmırdım. Otelə qayıdan kimi soyunub, istədiyim rahatlıqda gəzim deyə otağı isti saxlamağa çalışırdım. Yatmazdan qalın pərdələri çəkirdim deyə, günəşin nə zaman çıxmağından da xəbərim olmurdu. Bu da oyanmağı çətinləşdirirdi. Səhər yeməyinə görə məcbur oyanırdım, gözlərimi hansı zülümlə açdığımı izah edə bilməyim üçün isə ayrıca bir yazı yazmaq lazımdır, ona görə bunu unudaq və pərdəni açandan sonrakı hissəsindən davam edək. 😀 Yumuşaq, bulud kimi yatağımdan qalxıb, pərdəni açırdım və işıq düşər-düşməz içimə xoşbəxtlik dolurdu, əlimə keçən rahat bir şalvarı geyinib, ayaqqabıları ayağıma dürtüşdürüb, köynəyimi düymələyə-düymələyə səhər yeməyinə gedirdim. Böyük ciddiliklə seçim edir, özümə sanki “ağır pəhriz saxlayan bir qadın süfrəsi açırdım”. Onu da tək oturduğum dörd nəfərlik stoldan zorla mədəmə ötürüb, yenə eyni ciddiliklə geri qayıdırdım. Hər dəfə liftin düyməsinə basıb çevriləndə, bağlanan qapının sonuncu millimetrində qeydiyyatda dayanan otel işçisinin gülümsəyən həyəcanlı “günaydın” baxışına təbəssümümümlə yola verib ( 😀 ), otağa qalxırdım. Ciddiyyətimi kənara qoymurdum, bunu unutmayın. 😀 Bunu qəsd etmirəm, ümumiyyətlə həyatda beləyəm. Ağır təbiətli, bir nəsili idarə edən kişi sifətindəyəm ömür boyu. Amma mənimlə 1 saatdan çox söhbət etsəniz ola bilər ki, içimdə olan o çox gülən, çərənçi, sərhədsiz səmimi insanı görmüş olasınız. Nə isə, bir dəqiqə ara vermədən özümə gedəcəyim yeri seçmək üçün qeyd dəftərimi əlimə aldım və gördüm ki, ikinci günümü hara həsr edəcəyimi ayırd edə bilmirəm. Qərarə gəldim ki, öncə hazırlaşım sonra nəticəyə uyğun yer seçim. Tam hazır olduqdan sonra özümü “Dolmabahçe Sarayı”na yaraşdırdım deyə ora getmək qərarına gəldim. Vaxt itirmədən oteldən çıxdım və hər günkü kimi “Taksim” meydanına olan 6-7 dəqiqəlik yolu əlimə aldım, meydana çatmazdan saray üçün piyada yolu soruşub, həmin istiqamətdə yoluma davam etdim. Hava da bəxtimdən çox gözəl idi, yol enişli yoxuşlu olsa da, çox həyəcanlı gəlirdi mənə. Oktyabr idi, amma mənə elə gəlirdi ki, Mayın əvvəlidir. Sevgi dolu idim, çantamı qoltuğuma vurmuşdum, ətəyimi oynada-oynada gedirdim. Gözlərimdən həyəcan yağırdı, özüm belə fərqində idim. Susqun daşları belə sevdiyimi hiss edirdim. Enerjim o qədər çox idi ki, deyəsən yoldakılara da təsir edirdi, çünki yaxınlaşıb söz soruşduğum yaxud digər hər kəsin gözündəki isti baxış, dodaqlarındakı xoş təbəssümü mənə saraya qədər yoldaşlıq etdi. Gəlib çatdım və girməzdən sarayda rəsm sərgisinin də olduğunu öyrəndim. Yaxınlaşıb, tam bilet aldım. Ən xırda detalları belə gözdən qaçırtmamaq üçün girişə qədər olan yolu bütünlükdə incələdim. Tək idim və doyunca foto şəkil, video çəkə bilirdim, gözlərimi yumub payız günəşini öpə, küləyini bağrıma basa bilirdim. Heç nə düşünmürdüm və beynimin sakitliyi mənim üçün ən böyük mükafatdır ki, ona həmin gün layiq görülmüşdüm. Uzun xoşbəxt dəqiqələrdən sonra saraya daxil olan türkdilli qrupa qoşuldum. İçəri girəndə ilk təəssüratım necə deyərlər: biz yaşamırıq, biz nəfəs alıb veririk -idi.  Pərdələrin, vazların, çilciraqların…-üzərindəki bütün naxışları gözümə həkk edirdim. Bir müddət sonra bundan əl çəkdim və sadəcə həzz almağa başladım. Sarayın “Mahrem” (sultanın ailəsinin yaşadığı yer) hissəsində idik, başımı yuxarı qaldırıb, bir müddət tavana baxdım, hər şeyi diqqətlə izlədim, sonra pilləkən düşməli idik və mən xəyalımda saçlarım üzərində gözəl saç aksessuarı, ayaqlarımda möhtəşəm, zərif ayaqqabılar təsəvvür etdim. Geyimim məni qane edirdi və digər detalları da xəyalən canlandırıb, qayğısız, dəcəlliyi belə zərif olan saray qızı əhvalına girdim, pilləkənləri düşməyə başladım. Saray adamı idim mən o xəyalda, rəngli idim, gömgöy idim, divardakı bütün naxışlar üstümə gəlirdi, onlar mənə qarışırdı, mən onlara. Pillələr boyu uçurduq..çox gözəl idi..Məni bu möcüzəli xəyaldan ağ üzlü, kiçik boylu, bığları səliqəli şəkildə daranmış bələdçimizin baxışları ayırdı. Üzümdəki xəyali xoşbəxtliyin, həyəcanın ifadəsini yığışdırıb, yenə o anlaşılmaz, zəhlətökən, qaşqabaqlı üz ifadəmə geri döndüm (zavoddan çıxma halım 😀 ). Bələdçi geri qayıtdığımı görüb izahatına davam etdi. Sarayı uzun-uzun gəzdik, sonra çıxıb hamıdan ayrıldım, sarayın bağçasında gəzişdim, bu gözəlliyin varlığını həzm etməyə çalışdım. Saray haqqında detallı danışmaq istəmirəm, çünki məqsədim o deyil. Gəldim, nəhayət rəsm sərgisi olan yerə çatdım. Yorğun idim, açmışdım, susuzlamışdım amma bu sərgiyə baxmalı idim. Qapıdan girdim, girən kimi yenə yorğunluğu filan unudub həyəcanlı əhvalıma kökləndim, ayağıma kəlləmayallaq şəkildə baxiləri geyindim. O anormal pozadan sonra bədənimi düzəldib, üstümü səliqəyə saldım, qısa saçlarımı zorla qulağımın arxasına qoydum, səsimi köklədim və yenə gözümdən alov çıxa-çıxa qapıda bizi qarşılayan qadına yaxınlaşdım. Tələsik harasa dürtüşdürdüyüm bileti axtarmağa başladım, çantanın içindən başımı çıxardıb, əzilmiş bileti qadına uzadıb, “bununla sergiye gire bilirmiyim”? (eşitmək lazım idi o türkcəni) soruşdum və gözlərimi qaldırıb qadının üzünə baxanda hiss elədim ki, o qadın və üzümdə gəzən baxışdan anladığım qədərilə solda dayanan kişi mənə baxırmış. İkisi də “bu qız nə hay həşirdədi” üz ifadəsi ilə baxıb gülürdü. Hiss elədim ki, qıpqırmızı oldum, amma guya özümü sındırmadan ikisinin də eyni anda göstərdiyi yolla nəhayət sərginin ilk salonuna daxil oldum. İçəri girdim və məni mənim əsl ixtisasım qarşıladı. Bir neçə dəqiqə tavanın bərpası ilə məşğul olan işçilərin işinə baxdım. Az qalırdı çıxardım ayaqqabılarımı, dırmaşım yanlarına deyim ki, “sən allah, qoy yaxından baxım”. Amma eləmədim təbii ki, aristokrat-aristokrat (nə isə də özünüz başa düşün  ) ortalıqda fırlandım, “ah, mən bu işi nə qədər sevirəm” dedim və bir daha “ah” çəkəndən sonra salonları gəzdim. Əsərlərin tarixi əsasən 18-ci əsrdən başlayırdı. Yadımda elə rus, fransız və türk rəssamlarının işləri qaldı. Sərgi çox geniş idi (11 yerə bölünmüşdü), izlə-izlə bitmirdi. Məni hələ nə gözləyirdi bilmirdim. O otaqdan bu otağa keçirdim, bir-bir işlərə diqqətlə baxır, özüm üçün təhlil edir, anlamağa çalışırdım. Əslində çox da “çətin dilli” əsərlər yox idi. Çox hissəsi ya natürmort, ya batal janrında idi, ya səni saraydan gündəlik səhnələr qarşılayırdı ya da möhtəşəm portretlər. Amma bir otaq var idi ki, (bu cümləyə başlayar-başlamaz artıq ürəyim sürətlə döyünməyə və gözlərim yenə dolmağa başlayır), otaqlardan ən böyüyü, ən gözəli idi. Məni orada duman qarşıladı, məni orada çiskin, sərin hava qarşıladı, məni orada dəniz qarşıladı..məni orada İvan Ayvazovski qarşıladı! O otaqdan bu otağa fırlana-fırlana gəzirdim, özümü çox yüngül, çox rahat hiss edirdim. Amma bu otağın qapısına yaxınlaşdım, içəri addım atan kimi ayaqlarım qurudu, əllərim buz kimi oldu, gözlərimin dibində yaşlar dib-dibə oturdu, başım, boynum keyidi. “oo, hooh” dedim, elə bildim ağzımdan çıxan isti nəfəs soyuğa qarışdı, buxarlandı, uçdu. Bəxtəvərlikdən nəzarətçi belə otaqdan çıxmışdı və indi düşünürəm ki, bu mənim üçün ən gözəl fürsət idi. Otağın düz ortasında böyük çilçıraq var idi. Kim bilər neçə tondur. Üzərindəki sarımtıl işıq bütün otağı ovcuna almışdı. Mən hələ də tərpənmirəm, mən hələ də təkəm. Elə bir ab-hava var idi, bir addım da atsam sanki dumanın içində yox olacaqdım. Sarımtıl işığın ortasından dumanlığı kəsən baxışlarım böyük ölçülü, pastel rənglərin içində var-gəl edirdi. Sanki ətrafda sərin hava var, mən isə çox isti geyimin içində, isti peçin yanında durmuşam və gözlərim yanır bu istidən. Ən gözəl dəniz Ayvazovskinin əsərlərindədir, dəniz ən gözəl onun əsərlərində dalğalanır! Sənə dalğanın səsini duyurur, günəşi hiss etdirir..bütün tablolarında işıq yanır elə bil. Salondakı işıqları söndürsən yenə zülmət olmaz deyə hiss edirsən. Sanki əsərlər özü özünü işıqlandıracaqdı. İşığı belə gözəl hiss edən və hiss etdirən, dənizin sükutunu da, üsyanını da bu dərəcədə mükəmməl təsvir edən bir insanın nə zamansa mövcudluğu məni özümə o qədər aciz hiss etdirdi ki, bu acizlikdən belə zövq aldım. Otaq və otağın işıqlandırılması ötürəcəyi enerji və yaşadacağı duyğunu şəkildən-şəkilə salır. Bu hal bunun üçün ən yaxşı nümunə oldu. Ayvazovskinin “dənizləri”ni belə gözəl sərgilədikləri üçün çox sağ olsunlar. 🙂

Bir xeyli tablolarla baxışdım, sonra keçirdiyim hissi tam da həzm edəndən sonra otağı gəzdim. Nə gözəl hisslər keçirdim, nə gözəl hisslər kəşf etdim.

Bəlkə insan kamilləşməyi üçün həyəcanlarını tərk etməlidir, amma bu zövq ala bilmə qabiliyyətimizə nə kimi təsir edə bilər, hələki anlamıram. Bu kimi şeyləri dərk etmək üçün bir gün də ara vermədən özümü, yaşadığımız dünyanı təhlil edirəm. Özümü bir nümunə seçmişəm, çünki insan öz daxilini daha asan təhlil edə bilər deyə düşünürəm. Güzgüdə gözlərimə baxır, demək istədiyim hər şeyi öz üzümə deyirəm, özümə qorxularımı, utancaqlıqlarımı, istəklərimi, hər gün keçirdiyim hissləri, səhv və düz deyə ayırd etdiklərimi, digərlərindən eşitdiyim iradları və s. pıçıltılı səslə özümə etiraf edirəm. Həm gözlərimlə göz-gözə oluram, həm də öz səsimdən eşidirəm hər şeyi. Bu nümunəyə əsasən müqayisəli şəkildə digər insanları da təhlil etməyə çalışıram. Bu həm ilk öncə özünü dərketməyə, həm bununla da hər növ insanı dərketməyə çalışıb, anlayışlı olmağa, insan kimi bir mövcudluğun möcüzəsinə dalmağa, həm də içimdəki sevgini daha da yüksəltməyə kömək edir. Hardan gəlmişik, niyə gəlmişik və hara gedirik bilmirəm, nə zamansa bu sehrin kiməsə aşkar olacağına da inanmıram, amma bircə onu bilirəm ki, kəşf ediləcək bütün duyğulara hazıram. Ürəyimdə hiss etməyə və bütün daxili dünyama yayılmasına icazə verməyə çalışıram. Bütün keçirdiyimiz hisslər sadəcə hansısa bir hiss növüdür və hamısından zövq almağı özümə öyrətməyə çalışıram. Bəlkə təhlillərim, hisslərim, anlamağa çalışdığım bu kimi şeyləri bir kənara qoyub dünyaya töhvə verməklə məşğul olsam daha faydalı olaram, amma əgər həyat bizə seçim şansı veribsə, mən də maddi, fiziki olan şeyləri deyil, mənəvi şeylərin düşkünü olmağı seçirəm. Cəhd edin, bu əla bir şeydir.. 🙂

 

*qeyd edim ki, dəniz sevən biri deyiləm 🙂 və düşünürəm ki, əgər reankarnasiya varsa əvvəl dənizdə boğulmuşam. 😀