Novruz
23 Mar, 2017

İl boyu hər bayram ərəfəsi bayram günlərini harada keçirəcəyimizə qərar verməyə çalışırıq. Hətta bir nəticəyə gələ bilməyəcəyimiz halda belə bunu müzakirə edirik. Bəzən nəticə olur, bəzən isə bu seçimi elə həmin günün öz öhdəsinə buraxırıq. Mən isə ötən ilin İyun ayından bəri bu ilin Mart ayını gözləyirdim. Novruz bayramı üçün seçimimi aylar öncə etmişdim. Bəli, hətta bu dərəcədə. 😀

Bir köhnə yoldaşla İyun ayında Gəncədə görüşəndə söhbətimiz səyahətlərdən, maraqlı kəşflərdən düşmüşdü. Elə bu söhbət əsnasında Qazax rayonunun Yuxarı Salahlı kəndində Novruz bayramında gerçəkləşən maraqlı adət-ənənə barədə öyrənmiş oldum. Elə o andaca bu hadisənin canlı şahidi olmaq qərarına gəlmişdim. Bayram yaxınlaşdıqca canıma bir tənbəllik çökürdü, amma macəra axtarışından əl çəkməyən ruhum, Martın 20-si günü səhərin gözü açılmamış tutub yaxamdan atdı məni avtovağzala. Yaz səhərinin sərin havasından məmnun halda soruşa-soruşa gəlib avtobuslar olan yerə çatdım və rastıma çıxan, üzərinə “Gəncə” yazılan ilk avtobusa minib, yerimi rahatladım. Avtovağzal və avtobus hekayəsi barədə çox detallı yazmayacam, əvəzinə çox köhnələrdən qalma bir verilişdən link verirəm, əgər həvəsiniz olsa baxın, gülün və təqribən ordakı vəziyyəti başa düşün.. 😀

http://bit.ly/2nctb44  (məsləhət görürəm ki, axıra kimi baxın 😀 ).

Yolu yarılayandan sonra, dədə-baba yurdum Kürdəmirdə dayandıq. Bunu ona görə qeyd edirəm ki, bu yolda dayanmalar olmasa Kürdəmir havasına həsrət halda yaşayıb gedirəm. 😀 Yaxşı, zarafat qalsın bir kənara hələki..gəldim çatdım Gəncəyə. Dediyim köhnə yoldaşım Baba məni qarşıladı. Həmin gün Gəncə məni əsl yaz havası ilə qarşılamışdı, “Old Ganja Hostel” isə məni Gəncənin özündən də yaxşı qarşıladı. Burdan “çox bahalı həyat sürən, Elvin müəllim”ə ( 😀 ) çox sağ ol deyirəm. Əgər bir gün Gəncəyə getsəniz mütləq həmin hostelə getməli və o insanlarla gecələməlisiniz. Nə desəm az olar, sadəcə onu deyim ki, iki gecəyə yeni növ insanlar, yeni növ cümlələr, yeni növ hisslər, yeni növ mövzular, yeni növ əyləncələr və yeni növ nələr-nələr kəşf etdim.. 😀
Adətən Novruz bayamı 20-21 Mart tarixlərində qeyd olunur, amma o bölgələrdə 21-dən 22-nə keçən gecə üstün tutulur. Martın 20-si qızlar, oğlanlar bir yerə yığışıb söhbətləşdik, yeni insanlar da tanımış oldum. Ardınca isə Xanlar rayonuna getdik, Almanların dədəsindən, babasından qalma kəndi gəzərək bir neçə saatlıq göz zövqümə xidmət etmiş oldum. 😀

Sonra geri qayıdıb Gəncədən olan Aynurgildə qonaq olduq. Onun da Ruminiyadan qonağı olduğu üçün yarı ingilis yarı azərbaycanca ünsiyyətimizdən yorğun halda, yolda böyründən, başından didişdirdiyimiz təndir çörəyi və Aynurun anasının çox çox dadlı yeməkləri ilə qarnımızı doyurduq. Üstündən də çayla bir Gəncə paxlavası yedik ki, gəl görəsiniz. 🙂 Ardınca hamımız hostelə yığışıb, deyib gülə-gülə günümüzü yekunlaşdırdıq.

Martın 21-i bayram idi. Səhər alayuxulu ortalıqda fırlanırdıq, birdən fərqinə vardım ki, biz bayramı birlikdə keçirəcəyik. “Uşaqlar, zarafat-zarafat axşam bayramı birlikdə qeyd edirik” dedim, elə ardınca da “axşama bir dənə qəşəng barbekyu” deyə cavab aldım. Yığışıb getdik səhər yeməyinə, ardınca da barbekyu üçün tədarük görməyə. Amma axşam süfrəsini Elvinə həvalə etməli olub, çəkiliş üçün yola çıxmalı olduq. Günorta saatlarımıza yol düzdük, yolumuza fəlsəfə, fəlsəfəmizə macəra..gəldik çatdıq Qazaxa.

Qazax avtovağzalında avtobusdan düşüb o ağızdan bu ağızdan soruşa-soruşa kəndə necə gedib çıxacağımızı aydınlaşdırmağa çalışdıq. Nəticəmiz əla idi-avtostop! O daydayla, bu daydayla gəldik çıxdıq Yuxarı Salahlı kəndinə. Kəndə çatanda günəş hələ batmağa başlamaq barədə düşünməyə başlayırdı. 😀 Bir şeyi qeyd edim ki, gəzə-gəzə düşünürdüm ki, bu kənd camaatının yaradıcı ruhu darvazalarda öz əksini tapır. 🙂 Yol boyu rəngbərəng darvazalar görürdüm və hər birinin qarşısında tonqal üçün taxtadan təpələr yığılmışdı.

Hava qaralana kimi vaxtımız var idi deyə bunu qarnımızı doyurmaq üçün bir fürsət sayıb yeməyə yer axtarmağa başladıq. Bu yerdə nə baş verdi? Elə bir şey ki, bu sənin ölkədən gedəcəyin halda səni darıxmağa vadar edəcək bir neçə səbəbdən biridir. Yolda sual verdiyimiz adama qonaq olduq. Olduq, olmalı idik, oldurdular! 🙂 Evə girən kimi bizi mehribanlıqla qarşıladılar və biz yerbəyer olana kimi, bir göz qırpımında süfrə açıldı. Türklər demiş, bir quş südü əskikdi. Qonaq qəbul etməyi onlar sevincli, şərəfli bir şey kimi qəbul edirdilər. Yedik, içdik, söhbət etdik. Elə bura kimi gəlmə səbəbimin ilkin kadrları bu evdən başladı. Balaca oğlan uşaqları özlərini qadın simasına salmışdılar və günəşin batmasını gözləyirdilər.

Bu ilk baxışdan çox hürküdücü görsənirdi. İnsana narahatlıq verirdi amma onların buna çox adi, çox əyləncəli yanaşması vəziyyəti bir az yüngülləşdirirdi. Əslində bu ənənənin çox maraqlı olduğunu düşünürəm. Baxmayaraq ki, burda əsasən kişilər özlərini qadına bənzətməyə çalışmışdılar, amma əslində adət belə imiş ki, kişilər qadın, qadınlar da özlərini kişi simasına salıb, musiqiçilərlər birlikdə yaxın adamların evlərinə qonaq gedirlər, onları əyləndirirlər və bayramlıq alırlar. Məsələn, qrup şəklində yığışırlar, hansısa həyətə girib, mahnı çalıb, rəqs edib, ev yiyəsini də çölə çıxmağa vadar edirlər. Təbii ki, səs küyə ev sakinləri çölə çıxır. Hər kəs sevinir, rəqs edir, əylənir və onlara verilən payı, pulu götürüb çıxıb gedirlər növbəti evə. Sonda yığılan pulu isə musiqiçilərə və video çəkiliş edən şəxsə verirlər. Özlərinin marağı isə bu tamaşa vasitəsilə sevinmək, əylənmək, bayram etməkdir. Həmsöhbət olduğumuz hər kəsdən bu ənənə barədə məlumat almağa çalışırdıq. Deyilən fərziyyələrdən biri də o idi ki; imkansız şəxslər özlərini fərqli obraza salır, bayram payı yığırdılar. Bundan əlavə deyirlər ki, oğlanlar özlərini tanınmaz hala salaraq, “bayram tamaşası” bəhanəsi ilə sevdikləri qızı görmək üçün onun evinə gedirlərmiş. Bir neçə fikir irəli sürüldü, amma hansının daha həqiqi olduğunu aydın edə bilmədik. Bu adətin nə zaman yarandığı barədə soruşanda isə, 40-50 yaşlarında insanlar da “biz doğulandan bu adəti görmüşük” dedilər.

 

Şahidi oldum ki, demək olar bütün evlərin qarşısında ocaq qalanmışdı və bu qruplar hansı evin həyətinə daxil olurdularsa, ev sakinləri buna çox sevinirdilər, onların da qapılarına gəldikləri üçün xoşbəxt olurdular.

Bəzən bu qruplar maşınları da saxlayır, sürücünü çölə çıxardır, onu dairəyə alıb, rəqs edirdilər, pulu götürüb gedirdilər. Bu mərasim əsasən yolun üstündə olduğu üçün Bakıya və digər şəhərlərə gedən avtobuslar da burdan keçirdi. Onları da saxlayıb, bütün sərnişinləri avtobusdan düşürdürdülər.

Bu qədər hay-küyə təbii ki, nəzarət də edilirdi. Polislər küçə boyu hər şeyə nəzər yetirirdilər. Hətta polis maşınlarından belə öz paylarını aldıqlarını gördüm. Çox əyləncəli idi. 😀

Çəkilişə yenicə başlayanda, qrup üzvlərindən biri mənim düz üstümə gəlib, “gəl rəqs edək” dedi, düzünü desəm məni ağlamaq tutdu, özümü bir anlıq pis hiss etdim. Çünki üstümə kişi gəlirdi, kişi səsi ilə danışırdı amma qadın idi. Bu bir anlıq çox vahiməli gəldi mənə, hətta “yox” deyib, uzaqlaşdım, qaçıb Babaya “gedək burdan” dedim. Amma sağolsun, məni sakitləşdirdi, davam etməyim üçün ürək-dirək verdi. Sonra da başladıq ər-arvad roluna girməyə. Yəni guya mən onun həyat yoldaşı idim. Bu variant çox işə yarayır bəzən. Adətən qrup üzvləri həddindən artıq çox içki içirlər ki, “bayram vəzifələri”nin öhdəsindən yaxşı gəlsinlər. Bunun da anormal hərəkətlərlə nəticələnmə ehtimalını nəzərə alaraq “oyun oynadıq”. Məsələn, yolda bizi gətirən maşınlardan birinin sürücüsü qaçırılma ehtimalından da bəhs etdiyinə görə, ehtiyatı əldən verməməyə çalışdıq. Artıq kiminsə həyat yoldaşıyamsa, deməli, mən olurdum onların “bajı”sı. 😀 Ona görə bu işimizə yaradı və hətta çox rahatlıqla onlarla rəqs də etdim.

Əslində gecəni səhərə kimi uzada bilərdik amma bizi “bayram süfrəsi” gözləyirdi deyə geri qayıtmalı olduq. Yenə avtostop işimizə yaradı. Avtobus, maşın, maşın, avtobus..əvəzləyə-əvəzləyə gəldik çıxdıq hostelə.

Sonra qərara gəldik ki, əlimizdə olan az əşya ilə özümüzdə bir obraz yaradaq, bayrama bayram qataq. Bunun öhdəsindən yaxşı gəldik deyə düşünürəm. Nə etmək istədiyimizi tam başa düşməsə də, sağolsun, hindistanlı Amar da bizə qoşuldu. 🙂

*bəzən elə kadr olur ki, baxırsan və “bu çəkmək üçün deyil, baxmaq üçündür” deyirsən. Gördüyünü çəkməyin əhəmiyyətsizliyini və yaxud foto şəkilə çevriləcəyi halda əhəmiyyətsizləşəcəyini başa düşürsən deyə, çəkmirsən. Bəzən yazmaq da belədir. Əslində hər şeyi ifadə etmək mümkündür, amma hər şeyə gərək yoxdur. Bəzi hissləri ifadə etmədiyim və sizi bu hisslərdən məhrum etdiyim üçün üzr istəyirəm. 🙂

 

*əslində düşüncəmdə daha uğurlu reportaj üçün hazırlaşırdım, amma nəticə məni qane etmədi deyə, bir az yazaraq, bir az göstərərək məlumat verməyə çalışdım. 🙂