-..Gülşən, Gülşən.., qaça bilərsən?
+ tut əlimdən apar..
-getdik!
İstanbulda qaçırsansa hər kəs sənə yol verir. Bu çox ritmik alınır. Təlaşına uyğun cəld reaksiya görürsən. Sanki bütün şəhər bir orkestrın tərkib hissəsidir, hər kəs birgə ifa edir, yaxud harda kim başlayacaq, kim dayanacaq yaxşı bilirlər. Hər kəs bilir ki, ya işıqfor üçün qaçırsan, ya gəmiyə, ya tramvaya, ya avtobusa..hər birinin dəqiq saatı olduğu üçün, hər kəs gedəcəyi yerə uyğun təyin etdiyi saatlara gecikməməyə çalışır. Heç kim ayaqüstə yuxulamır, bir-birilərinə cəld reaksiya verirlər. Bəlkə də özüm çox sürətli həyat yaşadığım və daim qaçhaqaçda olduğum üçün bu tam mənə uyğun gəlir deyə bundan zövq alıram.
İstanbula gələndə Gülşənə dediyim ilk şeylərdən biri elə bu idi: burda daim harasa qaça bilərik. Əlindən tutub çəkdimsə, düşünmədən qaç. 😀
Bu dəfə də qaçırdıq.., Üsküdardan Beşiktaş gəmisinə çatmaq üçün. Gülşən yorğun idi deyə və sonuncu gəmi olmadığı üçün  sual verdim. Razılaşdı, tutdum əlindən sürətlə özümüzü sonuncu saniyəyə çatdırmağa çalışdıq. Hər kəs kənara çəkilir, sənə yol verir, kiməsə çırpılsan belə reaksiya vermir, sanki o an üçün hamının ən ali məqsədi sənin o gəmiyə çatmağın olur. Çata bildikmi? Yox, bu dəfə alınmadı. “yetərsiz bakiye” dediyi halda, Gülşən turnuketi keçmiş olmuşdu mən isə yox. “Eybi yox, gözlə gəlirəm”, deyib, təlaşla geri çevrildiyim an, hardansa bir oğlan çıxdı, “akbilinizmi bitdi”? soruşdu, “evet” deməyə belə macal etmədən kartı vurub məni keçirtdi və geri çevrilib çıxıb getdi. Gəmi getdi mən də oğlanın arxasınca “ama neden? ne kadar? e a b”..deyə-deyə qaldım. Demək yanılmamışdım, kimsə qaçırsa hamının ən ali istəyi qaçanın qaçdığı yerə yetməsi olur. O oğlan hansı diqqətlə bizim fərqimizə varmışdı ki, saniyə belə deyil, anlıq hərəkətlə məni də keçirib, çevrilib geri öz yoluna davam etmişdi? Bu şeylərin hamısı üst-üstə toplasaq heç bir dəqiqə içində baş vermədi. Ümumi 40 saniyə olar ya olmazdı. Amma mən irəlidəki bir neçə dəqiqə içində dünyanı ürəyimə sıxıb oturdum. Yaşamaq nə zövqlü, nə həyəcanlı, nə gözəl işdir.
“İstanbul kart”ımın da buna bənzər vəziyyətdə məndə peydahlanmasını xatırladım. Bundan əvvəl İstanbula gələndə ilk gün metro istifadə etməyə çalışmışdım. Metroya düşüb, kənardan dayanıb insanların kartı necə doldurduqlarına baxdım, amma kartı necə və hardan alacağımı bilmədim. Bir nəfərə yaxınlaşdım ki, bunu aydınlaşdırım, əvəzində o əlavə olan kartını mənə verdi. İçinə pul qoydu, necə istifadə edəcəyim barədə məlumat verdi və çıxıb getdi öz yoluna.
Bu kimi şeylər bəlkə çox xırda görsənir, çox mənasız səslənir amma davamlı həyatımda belə “möcüzə”lər baş verir. Olmaz dediyim şeylər olur, qollarım çarəsizlikdən yanıma düşəndə bir qüvvə yeni yollar açır, “digərləri” dediklərimiz isə bu kimi “möcüzə”lərə vasitəçi olurlar. Bunu yazaraq keçən ay Gəncədə, hosteldə qarşıma çıxan bir kitabın ilk səhifəsindəki sözləri xatırladım: “Bir kaç gün önce aynı masada bir evsize yemek ismarlamışken şimdi de başkaları bana yemek ismarlıyordu. Bunu isterseniz karmaya, isterseniz dini inançlara bağlayın ama öğrendiğim şey şu ki az ya da çok fark etmez, sen yeter ki ver. O sana bir şekilde dönüyor. Bazen de fazlasıyla dönüyor..
Etdiyimiz hər şey bizə dönür, hər şeyi özümüzə edirik, özün üçün etmək istədiyin hər şeyi “digərləri” adlandırdıqlarımıza et. Əslində digəri deyə kimsə yoxdur, hər kəs sənsən, hər kəs bizik.

Yaxşılıqlara təəccüblənməyəcəyimiz gün dünyanın ən gözəl günü olacaq.
Yazını burda qoyub bir yoldaşın gətirməyimizi xahiş etdiyi kitabın ardınca getməli oldum. Türk tanışından kitabı aldım qayıtdım ki, davam edim. Edə bilmirəm. Burda saxlayıram.

Bilirsiniz hansı kitab imiş? Gəncədəki kitab. 🙂

 

foto: Gülşən