Arada belə cümlələr istifadə edirik:

indi sən deyirsən bir ilə heç nə dəyişməyəcək?.,

əşşi gələn ilə mən artıq filan yerdə olaram.,

gələn ilə ailə quracaq.,

gələn ilə məni burda kimdi tapan?.,

bir ilə unudacaqsan.,

bir ilə sağalacaq.,

bir ilə köçəcək.,

bir ilə öyrənəcək.,

bir ilə hər şey yerinə düşəcək.. və s.

“Bir il”ə nə qədər iş, nə qədər ümid, nə qədər səbəb, nə qədər nəticə yükləyirik. “Bir il”i dost, yoldaş, təhsil, səyahət, uşaq, pul, iş, həkim, məlhəm və s. nəyə və kimə desəniz çeviririk. Amma o “bir il” bunun öhdəsindən gəlirmi? Hər gün hansısa gündən bir il keçir, hansısa günün bir ili olur. Oturub bir il əvvəli xəyal edirsən, bütün ilin üstünə o gün üçün yüklədiklərini düşünəndə “bir il”in belinin qırıldığını hiss edirsən. Yazıq “bir il”. İçində nə hoqqadan çıxmışıq. Sürünə-sürünə gəlib çıxdı bu günə, canını tapşırdı növbəti ilə və öldü.. Onunla birgə həmin ilin üstünə yüklədiyin hər şey də öldü. Bir sən ölmədin, bir də başqa günlərin “bir il”ləri.

İndi kimsə deyəndə ki, “növbəti ilə filan şey”..mənim üçün qeyri-real səslənir. 20 yaşım olan günü hamı mənə “həyatının sürətli keçən illərinə başlayırsan” deyirdi, bu fikrin həyat təcrübəsinin nəticəsi olduğunu dərk edirdim. Həyat o qədər sürətlidir ki, içindəki 1 il heç bir əhəmiyyət kəsb etmir. O səndən ömür çalır amma əvəzində bir ömürə dəyməz əziyyətlər verir. Bir il keçir, siz yenə öz ümidlərinizin, gözləntilərinizin, arzularınızın ucunu-bucağını düzəldib, yığıb qucağınıza tullayırsız o biri ilin üstünə. O da sürətlə qaçıb gedir.

Nəticələr həmişə olur amma bizim yaşadığımız dövrün sürətilə müddəti təyin etmək olmur. Dünyaya gəlməyin bir nəticədir, həyatını yaşamağa isə öz səbəblərinlə başlayırsan, amma nəticəsini özünün görmə ehtimalı hər gün bir az daha azalır. Zaman keçdikcə ümumiyyətlə “nəticəsizlik” yaranır. Biz heç səbəblərimizi belə təyin etməyə çata bilmirik.

✦  ✦  ✦

çapan ata tərs otursam,
aparammı görən məni
ötüb keçmiş dünənlərə?
xatirəmdən süzüb daşan,
ən sevincli o günlərə..
apararmı o qədər uzaq?
qüvvətinə xox gələrmi?..