ƏSARƏT RƏMZİ
4 Dek, 2015

Günlərin bir günündə bir yoldaşla söhbət edərkən heç fərqinə varmadığım bir şeyin fərqinə vardım. Bu barədə mütləq yazmaq lazımdır deyə düşündüm.

Sırğalar əsasən qadın zinyət əşyası sayılır. Yəni hazırda kişilər də sırğa taxsa da qadınların demək olar ki, hamısının qulaqları uşaqlıqdan sırğa üçün deşilib. Mən 90-cı illərin uşağıyam və o vaxtlar ən uzağı 5 yaşına kimi bütün qızların qulaqları deşilib, sırğa taxılırdı. Sırğalar da əsasən uzun asmalı, ağ yaxud çəhrayı qaşlı qızıl sırğalar olurdu. Hər halda çoxunuzda belədi. Qulaq deşmək qızların həyatlarında təxirə salınmaz bir ritual halı alıb. O vaxtı qulaq deşmək üçün aparatlar da yox idi, uzandırıb, qollarını, ayaqlarını tutub iynə ilə deşirdilər. Mənim də hardasa 4-5 yaşım olardı, nənəmgildə üstü xaki rəngli örtüklə örtülmüş divanda uzandırıb, əllərimi anam, ayaqlarımı babam tutub, nənəm də qulağımı deşmişdi. Necə qışqırırdım, ilahii..! 😀

Nə isə, sonra bütün o hay-həşir bitdi və nənəm mənə aldığı uzun asmalı, ağ qaşlı sırğanı gətirib qulağıma taxdı. İndi təsəvvür edəndə qalib gəlmiş cəngavərə müqəddəs xəncər verilirmiş kimi bir səhnə canlanır gözümün qarşısında, fonda da şeypur səsləri, ardınca belə çox əntiqə bir musiqi gedir..çox mötəbər bir tədbirin yekunu təsəvvürümdə canlanır.. Düzü belə baxanda çox sıradan hadisəyə bənzəsə də bu elə həqiqətən də “mötəbər tədbir” idi.

Eləki qulağına sırğalar taxıldı, sənin dəqiq qız uşağı olduğunu üzə vuran əşya, irəlidəki illər ərzində qulağında özünə “yuva salır”. Bir söz var: “filan şeyi qulağına sırğa elə”..yəni ki, öldün it ölən kimi. 😀

Bu sırğa mərasimi sanki qız uşağının əsarətini rəmzləşdirir. Gözəl bəzənmiş, bahalı bir qandaldır sanki. İllərlə qulağından çıxara bilməzsən. Öncələr onsuz da uşaq ağlı ilə çox da varlığının fərqinə varmırsan amma bir az böyüdükcə rəngarəng aksessuarlar səni özünə cəzb etməyə başlayanda çıxarıb o qızılı, gündə bir aksessuar taxmaq istəyirsən ki, bu da alınmır. Mamalar, nənələr buna icazə vermir. Doğrusu mənim belə bir problemim olmasa da qızların çoxsunda olub.

Gün gəlir əlinə 3-5 manat düşən kimi gedib özünə bir xırdaca aksessuar alırsan və gəlib evdə üsyan edirsən. İnqilab hissi səni özündən çıxardır. O “mötəbər tədbir”də sənə bağışlanmış müqəddəs xəncəri atıb əlinə taxta alıb özünü azadlığa çıxmış kimi hiss edirsən. Bəli! Mən qızıl sırğaları çıxartdım, əvəzinə ucuz, mənasız bir aksessuarı taxdım, 10 illik əsarətdən qurtuldum, mən Azadam!

Bu cümlələr mənə bir xatirəmi yada saldı. Məktəb tətillərinin birində anamın əmisi və dayımgil ilə 2 günlük bir kəndə getmişdik. Kənd Qubanın Qırızdəhnə kəndi idi. Orda olanlar ab-havanı təsəvvür edə bilirlər. Mən də bu ab-havaya düşüb içimdə yaratdığım gözlənilməz suallarm ilə anamın əmisinin yaxasından yapışırdım. Bu sualların birində soruşmuşdum: Əsarətdə olub xoşbəxt həyatı seçərdiniz yoxsa azad olub əziyyətli yaşayışı? Anamın əmisi mənə “əsarətdə olub xoşbəxt olmağı” cavabını verdi. Əsas olan insanın sağlamlığı, mənəvi rahatlığı, xoşbəxtliyidir dedi. Mənim milliyətçilik dövrlərimə təsadüf etdiyi üçün bir az xoşuma gəlmədi bu cavab amma bəlkə də həkim olduğu üçün humanizm damarı tutub bu cavabı vermişdi. Mən indi özüm də arada bu cavabla razılaşıram.

Qızıl sırğalardan imtina edib ucuz aksessuarları seçmək insanda bəlkə azadlıq duyğularını qabardır amma bütün hallarda nənənin, ananın hədiyyəsi olan qızıl, aksessuardan daha dəyərlidir…bəlkə də azadlıq anlayışından dəyərli olmasa da.

 

 

  • Foto mənə aiddir.

Şərhlər

  1. Sevinc dedi ki:

    Tək sözlə: möhtəşəm

  2. Rasad dedi ki:

    cox maraqli anlatim tarziniz var…oxuyarken sixilmir insa ve .movzunun derinliyi ne qeder o derinliyi uze cixardib cixartmamagin bir onemi qalmir lazim olani insan ozu anlayir..

  3. Nərmin dedi ki:

    Məncə, insan azadlığın nə olduğunu həqiqətən dərk etdiyi vaxt dörd divar arasında, hətta qəfəsdə belə olsa o azad və xoşbəxt olacaq. Ona görə də qəliblərə uyğun olmayan “əsarətdə olub xoşbəxt olmaq” ifadəsi mənə həbs olunduğumuz bu dünyada olduqca real səslənir. Çox maraqlı yazı idi. Əməyinə görə təşəkkürlər 🙂