Təyyarədə insan yata, dinləyə, oxuya, yaza, xəyala dala, kədərə bata, sevincdən ölə və s. bilər. Mən yazmağı seçdim (bir az cızma-qara kimi oldu, amma göyün zülləsində ancaq bu qədəri alındı. :D).

 

“Xoşbəxtlik” deyə bir anlayış yoxdur, o öz-özünə yaranan və hardasa dayanıb səni gözləyən bir şey deyil. Xoşbəxtliyi özün düzəltməli, onu öz ruhunda yerləşdirməli, daimi hala gətirməli və ətrafa bundan pay verməlisən. Əgər hamımız bunu etsək və xoşbəxtliklərimiz əl-ələ tutub yaşasa nə gözəl olardı, elə deyil mi? Bu cümləni oxuyanda daxilimizə yayıla biləcək əmin-amanlığı hiss edə bilirsiniz mi?
Həyat barədə anlayışlar hər kəsdə fərqlidir, bir andan sonra bunu müzakirə etmədən sadəcə canlı və cansız aləmin vəhdətini duya bilən insanlarla əl-ələ verib, həyatı zövqlə yaşamaq lazımdır.

Ölməzdən əvvəl hekayəmi düşünmək, bütün hər şeyin necə zəncirvari halda hansı nəticə üçün qurulduğunu gözlərim önündə təsvir etmək istəyirəm (bundan o yana olan hissəsi barədə düşüncələrimi hələki bura qatmıram). Həyat mənə uşaqlıqdan bəri hər addımda, hər küncdə maraqlı bilməcə gizlədib, bugünə kimi onları aşkar edə-edə yaşayıram. Yalnız son bir neçə ildə fərqinə varmışam ki, əslində həyat mənə necə həyacanlı hekayə yazırmış. Bunun fərqinə varma zamanı gəldiyi üçün, demək ki, o artıq hekayənin davamını mənə həvalə edib deyə düşündüm. Və sırf elə bugün əmin oldum ki, hekayəm həmişə sehir dolu olacaq. Onları aşkar etdikcə möcüzələrə dalacam. Əslində hər birimizin maraqlı hekayəsi var, amma bunun fərqinə varmaq lazımdır. Əgər müəyyən yaşdan sonra həyatın səninlə olan tükənməz, məzəli zarafatlarının, oyunlarının fərqinə varmısansa, gözləmə, “al qələmini əlinə” özün davam et, öz hekayəni özün yaz. Getməyin lazımlı yerə get, görməli olduğun adamları gör..Nə dil, nə din, nə cins ayırmadan ardınca getməli olduğunun ardınca gedə bilmək və soyuq, isti, külək, yağış, qar demədən, olmalı olduğun məkanda ola bilmək üçün əlindən gələni et. Ağlasığmaz addımlarınla bütün emosiyalarını dibinə kimi xərclə. Özün özünü hiss et, ürəyini duy, canlıları incitmə, “pislik” adlanan heç nəyin həyata olan eşqinə xələl gətirməsinə izn vermə..

Yolda getdiyin yerdə gözlərini yum, ayağın yerdən kəsilənə qədər ürəyinin içinə düş, bəbəklərinin ardına keç, ətrafdakı bütün səslərdən zövq al, səslərin və havanın vasitəsi ilə yeni təsvir yarat, özünü onun içinə at.. – düşün, başqa yerdə addımladığın halda əslində tamam başqa yerdə olmuş olursan. Mən tez-tez yoxlayıram, gözlərimi açandan sonra xoşbəxtliyin nə qədər “asan hazırlandığını” başa düşürəm. 🙂

 

 

Günəşin fərqinə var, insanların jestlərində, gözlərində, ağacların budağında, buludların arasında, şüşələrin üstündə necə hərəkət etdiyini izlə..kimin və nəyin üzərində hərəkət etməyinin nə fərqi var? Axı günəş bunu sehirli hala salır, ona baxıb necə pis şey düşünmək olar? Necə bunu görə-görə yaşamağı sevməmək olar? Bəs qar dənəciklərinin can verməyi? Özünü paltoma, şarfıma çırpıb, gözlərimin önündə sevgi ilə can verən qar dənəcəyinə necə həyacanlanmayım? Gecələr küçədəki rəngli işıqlara bax; sarımtıl küçə işıqları, maşınların rəngli işıqları, mağazalar, keçidlər, telefon ekranları, ay və s. Nə gözəl hərəkət edirlər..

 

 

Çoxmu xəyalpərəst oldum? Yox, sadəcə reallıqla qeri-reallıq arasında keçidlər etməsən həyatı zövqlə yaşaya bilməssən. Reallıq mənim üçün hər gün öz gözlərimin içinə baxmaqdır. Özünə belə yalan danışmamaq, həqiqətdən qorxmamaq, bütün hər şeyi öz gözlərinə baxa-baxa etiraf etməyi bacarmaq, çətinliklərdən hürkməmək, özündən utanmaq, özünü danlamaq, özünü tərbiyə etmək, kədərdən qaçmamaq, onu belə ağrılı emosiyalarınla yaşamağı öyrənmək, qəbul etmək, bundan keçmək və xoşbəxtliyə çevirməyi öyrənmək lazımdır. Bu kimi nəticələrimdən sonra “dünyanı dəyişməyə özündən başla” fikrini tam olaraq dərk etdim. Özünüzdən başlayın. 🙂

Bəzi şeylər də var ki, onları ifadə etmək olmur, ha çalışıram amma alınmır və alınmır deyə sevinirəm. Ani olaraq hiss etməklə kifayətlənməli olursan. Hansı dildə danışmağınızın fərqi var bəlkə amma hansı dildə hiss etməyinizin fərqi yoxdur. Hiss edin. 🙂

…və birdən təyyarə atır səni səmanın qucağına. Həyacanın ayaqlarında qarışqalara çevrilir. Yerdə qoyduğun hər şey kiçildikcə-kiçilir..
Ayaqlarım yerə bitişik olanda ürəyimi səmaya göndərirdim, amma göyə qalxıb da ürəyimi yerdə qoyduğumu xatırlamırdım.  Göydən də üç alma düşürdü, görürdüm..
Xoşbəxt olmaq üçün yer kürəsinin hansı nöqtəsində olmağının əhəmiyyəti yoxdur. Məkanlar bizi həyəcanlandırır, zaman bizi aldadır, ölüm bizi tələsdirir, sevgi isə hamısını rədd edib, düz elə dünyanın mərkəzindəcə rəqs edir. Rəqs edin. 🙂