Qızılgülə batasan
18 Dek, 2015

Hər günün bitməsini gözləyirik.

Günəşin batmasını gözləyirik,

gözləyirik axşam yatmağı,

qızılgülə batmağı,

qızılgülün içində şirin yuxu tapmağı..

 

İlin sonuna 12 gün qalıb. Necə oldu ki, geri sayım sonuncu 12-ci günə gəlib çıxdı?

Məktəbdə oxuyanda müəllimlərim deyirdi ki; vaxt gələcək günləriniz bir-birini necə əvəzləyir özünüzə belə aydın olmayacaq. Necə şablon, adi bir cümlə idi, amma haqqlı imişlər və haqqlı çıxdıqları üçün çox qıcıqlanıram. Şablonlaşmış hər fikir düzgün fikir olur həmişə, çünki düzgün olduğu üçün həmişə deyirlər, zəhlətökür və bayağılaşır.

Akademiyada oxuyanda günümün yarısı orda, qalan yarısı isə əsasən şəhərin küçələrində və tədbirlərdə keçirdi. Gecələr isə dərs oxuyur ya da iş görürdüm. Mənə elə gəlirdi ki, heç nəyə vaxtım çatmır amma əslində çox şeyə çatırmış. Məktəb vaxtından isə heç danışmıram – o zamanlar elə bil gün 24 deyil 48 saatdan ibarət idi. Günün 24 saat olmasını yalnız tələbə olanda hiss elədim. Bir də günün 10 saata düşməsi var. 10 saat! Hazırda sanki günüm 10 saatdan ibarətdir: 8 saat iş, 2 saat yuxu. Bu 10 saatın sonuncu dəqiqələri insana özünü bloka qoyulmuş zibil torbası kimi hiss etdirir. Günün 10 saata düşməsi azmış kimi bir də hər gün günəşin batmasını gözləyirik. Onun batması bir növ tezliklə dincəlməyə işarətdir deyə, 8 saat gözləyirsən ki, 2 saata yetə biləsən. Onu da üzünə-gözünə yaxırsan..günəş çıxır və yenə eyni hekayə..

Gün 10 saata düşəndən sonra insanın halı nə olur? Nə vaxt xəyal qurur, nə vaxt xoşbəxt olur, nə vaxt sevir, nə vaxt sevişir, nə vaxt yeyib-içir, nə vaxt söhbət edir, ürəyi nə vaxt rahatlıq tapır, beyni dincəlir, ürəyi sakit döyünür, heç nə düşünmədən deyib-gülür? Bunlar hansı aralıqda olur? Paralel dünyada mən nə edirəm? Bəlkə o biri tayım bunları edir mən də qalan hissəsini? Bəs niyə mənə 10 saat veriblər?

Hər ayın əvvəli maaş gəlir. Pul qazanmağa öyrəşdikcə bu sənə ilkin xoşbəxtlikləri verməsə də ən azından özünü maddi cəhətdən daha güvəndə hiss etmək duyğusu və kobud sevinc yaradır. Elə onun səhərisi gün başlayırsan ayın sonunu gözləməyə. İnsan fərqinə belə varmır ki, o hər ayın sonunu gözləyə-gözləyə hara varır..hara varırıq? 

Hansı ayın içində olduğumuzu unuduruq, o ayın özəlliklərini, fəsillərin fərqini, günlərin tarixini düşünmədən hər günümüzün 2 saatına və hər ayın sonuna fokuslanmış şəkildə yaşarıq. Ağacları görmürük, insanların gündəlik təlaşındakı hekayələri anlamırıq, hava durumundan hürkürük, addımlarımızı hiss etmirik, bütün yaşadıqlarımızın fonundakı təbbi səs və musiqiləri duya bilmirik..quşların səsini də eşitmirik. Hər şey bir kənara biz heç özümüzü də eşitmirik.

Ətrafımızdakı insanlar? Onlar kimdi? Xəbərimiz yoxdu..heç kimi kəşf etmədən, heç kimi tanımağa çalışmadan bir-iki ortaq sözlərlə kəlləmayallaq qurduğumuz cümlələrimizlə guya nə isə danışıb, anlaşırıq.

Heç nəyin fərqinə varmadan yaşayıb gedirik. Hazırda hamımızın ümumi adı “Ərincəklik”di. Normal insani münasibətə belə ərinirik.

Özünüzə robotlaşmış həyatınızdan 2-3 saat da olsa uzaq edəcək mühit və məşğuliyyət tapın. Mən yenidən başladım rəssamlıqla məşğul olmağa, digital yox, bildiyimiz rəsm, boya, fırça, kağız, kətan..2-3 saat daxili texnologiyadan uzaq qalan, fonda daim “Azərbaycan radiosu” açıq olan, yaşıl sarmaşıqlı, gül dibçəkləri ilə bəzənmiş emalatxanada dünyadan təcrid olunmuş halda nə isə işləməyə çalışıram. Bəlkə də elə sırf bu mühit mənə necə robotlaşdığımızı hiss etdirir.

Günün sonunu, ayın sonunu, ilin sonunu gözləyə-gözləyə özümüzün sonuna varırıq. Böyümək yaşlanmaqla əvəzlənir. Qızılgülə batırıq amma sözün həqiqi mənasında.

 

  • Foto mənə məxsusdur.

Şərhlər

  1. Zaur dedi ki:

    Hele bu harasidir.Qizil gulunden sonra p.. batmaq gelir.