24 Oktyabr, gecə saat 03:30. Yuxuya gedib ya getməyəcəyinə qərar verə bilməyən gözlərim bir saniyə belə tənbəllik etmədən açılır, yatanların sükutuna uyğun bir cəldliklə hazırlaşıb, qardaşıma zəng edirəm..: “Alo, çatırıq, çatırıq”.

Bugün ilk dəfə idi ki, tam tək başına ölkəni tərk edirdim. Hava limanına da tək gedəcəkdim, amma sonda çoxşaxəli etirazlara boyun əyməyi seçdim. Əslində çox da uzaq bir yerə getmirdim. Yaxın olan, dünyanın paytaxtı adlandırılan, çoxlarının sevdiyi, mənim isə heç sevmədiyim bir şəhərə gedirəm: İstanbul. “..fikri zarar İstanbul..”

Biletimi əslində İyunun 28-indən almışdım, o gün ki, Atatürk hava limanında partlayış olmuşdu. Ya eyni dəqiqədə ya da mübaliğəsiz səslənsin deyə, deyim ki, hadisədən 5 dəqiqə sonra almışam.
Bir müddət idi tək harasa getmək istəyirdim, tez-tez online bilet satışı olan saytlara baxırdım. Bir gün yenə işdə oturmuşdum, ara yerdə saytlardan birinə girdim və Oktyabr ayı üçün endirim olan şəhərlərin siyahısı ilə rastlaşdım. Nəzərimdə Rusiya ölkələri olsa da siyahıda birinci İstanbul gəlirdi və “Əminə, niyə də yox”? dedim. Sonra özümə axşama kimi vaxt verdim. Axşam fikrimdən daşınmadığımı görüb, bileti aldım. Eyni anda partlayış barədə hadisəni öyrəndim və bu bir az ürəyimi sıxdı amma buna rəğmən gedəcəkdim.

Niyə getdiyimi, nə edəcəyimi və s. heç nə barədə heç bir fikrim yox idi, sadəcə bilet almışdım. İlkin səbəbim “tənhalıq məşqləri” idi əslində, amma bu özümü belə güldürürdü. Buna görə bilet tarixinə az qalmış düşündüm ki, bir qərara gəlim: İstanbula alış-veriş və əyləncə üçün gedirəm ya önəmli bir məna kəsb edən məkanları görməyə gedirəm yoxsa həqiqətən veyil-veyil gəzib, özümlə tək qalmaq üçün? Qərara gəldim ki, hamısı üçün gedirəm. 😀 Amma 8 günə bu qədər böyük şəhərdə hamısını çatdırmaq çətin məsələ olduğu üçün hansı dərəcədə vacibiyyət kəsb etməsindən asılı olaraq qeydlər etməyə başladım. Hətta gedəcəyim məkanların ünvanları, xərcləyəcəyim təqribi pulu və bu kimi şeyləri yol üçün ayırdığım dəftərimdə qeyd etdim. Bu prosses çox əyləncəli idi və nəhayət ki, bir az məni həyəcanlandırmağa başlayırdı. 🙂
Uçuş günü bazar ertəsinə təsadüf edirdi deyə rahat idim ki, həftəsonu hazırlaşacam, amma hər şeyim qaçhaqaçla olduğu kimi bu da olmasaydı olmazdı, dünyanın qanunu pozulardı. 😀 Şənbə günü öyrəndim ki, bazar günü ailəvi ciddi bir məclisi yaxşı mənada “yola verməliyik”. Bilmirdim sevinim ya üzülüm. Hansı aralıqda hansına necə hazırlaşacam deyə baş aça bilmirdim. Çox uzatmadan qısa olaraq belə deyim: şənbə günü saat 14:00-da həmin məclisə etdiyim makiyajı bazar ertəsi saat 19:00-da təmizlədim. Bu haqqda bu qədər. 😀
Uzun sözün qısası qardaşım öz dostu ilə məni hava limanına gətirdi, qeydiyyat yenicə başlamışdı, keçdim, baqajımı təhvil verdim, növbə gəldi sağollaşıb təyyarənin qapısına yaxınlaşmağa. Qardaşımla, dostu ilə sağollaşdım, döndüm “kişi-kişi” gedim deyə ( 😀 ) birdən içimə dərin bir tənhalıq çökdü: ilahi, heç bir məqsədi olmayan bir addım atıram. Tək və məqsədsiz, başımı götürüb gedirəm. Əlimi qardaşımın əlindən çəkib növbə tutmağa çalışdığım müddət ərzində sanki bir boşluğun içində üzürdüm. Birdən özümü toparladım, sakitcə “sıxıcı yoxlamalar”dan keçdim, çevrilib qardaşımgilə əl yelləyib, onların gözü ilə baxsaq – kiçilməyə başladım və yoxa çıxdım. Hara getməyimdən asılı olmayaraq tək başına və elə-belə harasa yollanırdım deyə əhvalımı nəzarətdən buraxmırdım. Gəlib özümə yer tapdım, rahatlanıb əyləşdim, yarımçıq yazımı tamamlayıb, bulku yeyə-yeyə onu sayta yerləşdirdim. Çox səbrli, sakit bir ab-havada idim. Əgər bir gün bu həyat məni əbədi təkliyə məhkum edəcəksə bunun ilk təcrübəsini nəzərdən keçirmək üçün əla fürsətdir –deyə düşünüb, vəziyyətdən zövq almağa başladım. Hələ 8 gün tək qalacaqdım! İşimi bitirəndən sonra qapıya daha yaxın gedib əyləşdim, kitab oxudum, vaxtımı doldurdum, nəhayət qapılar açıldı və eyni sakitliklə, eyni səbrlə təyyarəyə daxil oldum. Yerimə əyləşdim və tərslikdənmi deyim ya xoşbəxtlikdənmi yanımdakı iki yer tam boş halda 2 saat 35 dəqiqə yol uçdum. Demək olar ki, 35 dəqiqəsi xaric qalanı daş kimi yatmışdım. Arada elə düşünürəm məndən başqa təyyarəyə minər-minməz yuxuya gedən kimsə yoxdur, çünki lap 1 saatlıq da yol uçsam, həmişə yatmışam 😀 (uçuşlardan bircə dənəsi xaric, yarışa gedirdim, həyəcan dolu idim).
Məsələnin ən məzəli yerlərindən biridə odur ki, baqajını qardaşı daşıyan qız gəlib burda özü o yükü götürüb, endiyi Sabiha Gökçen hava limanından düüüüz Taksimə getməlidir. Yəni qarşı tərəfə. Amma necə? 😀 Əhval-ruhiyyəmi, daxili və xarici intizamımı aclığıma da, susuzluğuma da rəğmən qoruyub saxlaya bilirdim. Təzyiqim düşənə qədər vaxtım var idi, özümü otelə çatdırmalı idim. Çünki hava limanına enər-enməz su və atışdırmağa bir şeylər almağı planlaşdırmağıma rəğmən ərincəklik edib tezliklə hava limanından qurtulmaq istəyirdim. Çıxhaçıxda yadıma düşdü ki, türk lirəsi almalıyam. Təbii ki, hava limanının pul dəyişmə məntəqəsinə məni az-maz loxlamasına icazə verməli idim. Bu əngəli də atlatdıqdan sonra nəhayət çölə çıxdım, aləm dəyib bir-birinə, yad baxışla ətrafa göz gəzdirirəm və ardınca dayanıb, “benim burda ne işim var”? deyə sual verdim və türklərin türkcəsini sevməyən, hətta danışmaq növbəsi gələndə nə deyəcəyini bilməyən Əminənin daxili səsi elə burdaca türk dilinə təslim oldu. Düzü bu mənə cəsarət verdi, çünki baxmayarq ki, türkcədən normal ünsiyyət üçün qədərincə anlayışım var amma danışmağa gələndə elə bilirəm türklərlə də rusca danışmaq lazımdır. Nə isə, bu hissi çox xırdalamıram, eynisini yaşayanlar başa düşəcək, qalanınınız da zəhləsini tökmək istəmirəm. 😀 Bir sözlə daxili səsimin verdiyi cəsarətin quyruğundan yapışıb, soruşa-soruşa Taksim avtobusunu tapdım. Allahın necə bəndəsiyəm bilmirəm amma gücənə-gücənə daşıdığım 15 kiloluq baqajı verib, yerimə əyləşən kimi nə etsəm yaxşıdı? Təbii ki yatmaq! 😀 Yatdım və ara yerdə körpüdə ayıldım, bildim ki, Avropa tərəfə keçdik. Yanımdakı qardaş isə dayanmadan kitab oxuyurdu, sanki ünvana kimi bitirəcəyinə and içmişdi. Mənə isə elə gəlirdi ki, susuzluqdan boğazımda çatlar əmələ gəlirdi. Udqunmağa da qorxurdum və yenə az qala İstanbula nifrət edirdim, baxmayaraq ki, bu onun günahı deyildi. Amma yenə də bütün bədənimin cavabdehliyini öhdəmə almışdım deyə içimdəki xoşbəxtliyə təkan verdim və icazə vermədim ki, digər mənfi hisslər gəlib onu əzməyə çalışsın. Təqribən bir saat yarım yoldan sonra gəlib çatdıq ünvana. Ordan taksi ilə 5 dəqiqəlik yolla otelə çatdım və xoş qarşılanma nəticəsində son bir neçə saniyəyə qədər baş vermiş hər şeyi unutdum. Sanki interyerin rəngləri məni mehribanlıqla əzizləyir, sakitcə otağıma yola salırdı. Otağa girən kimi elə sürətlə hər şeyi yerbəyer etdim ki, bilmədim bu çalışqanlıq idi ya tənbəllik. 😀
Sonra özümə içməyə bir şey hazırlayıb, əlimi stolda olan jurnala atdım- “bu nədie burda” – jesti ilə açdığım ixtiyari bir səhifədən sonra gözlərim qaraldı, qulaqlarımdan iniltili xoşbəxtlik axmağa başladı, beynimə istilik doldu. Hərarətini gözlərimdəki qaranlıqda hiss edirdim. Sonra sürətlə bütün bədənim soyudu və ayıldım..Qarşıma nə çıxmışdı bunu deməyəcəm çünki bir xeyli müddət sonra, yazılarımın birində bu barədə yazacam. Məni hər yerdə izləyən bu şeyin gəlib İstanbulda qarşıma çıxacağı ağlıma gəlməzdi. Bu qalsın hələki burda.
Özümə gəlməyə çalışdım, təəccübüm xoşbəxtliyimə qarışmışdı..bulud kimi yatağım var idi, uzandım..bir az dincəldikdən sonra hazırlaşıb oteldən çıxdım və bəlkə də yemək ya su ardınca getdiyimi düşünürsünüz amma yox, o vəziyyətdə İstanbulda ilk gün ediləcək ən sonuncu şeyi, bəlkə də bilmirəm elə ən ilk şeyi etmiş oldum. Yedikuyularda yerləşən oteldən piyada qalxdım Taksim meydanına, ordan İstiklal Caddesində kino izləyə biləcəyim yer axtarmağa başladım. İlk qarşıma çıxana girib bilet aldım. Beş dəqiqə sonraya ala biləcəyim halda özümə iki saat yarım vaxt verdim. Bundan sonra düşüb küçələrə uyğun qiymətə yemək və içmək axtardım. Çünki yeməyə qənaət etməli idim ki, ardınca gedib xırda-para olan amma xoşbəxtlik gətirən, gözə görünməz şeylər ala bilim. Sınıx türkcəmlə “dərdimi izah etdim”, qarnımı doyurdum və gedib ilk günün motivasiyası üçün gözəl şeylər aldım. Filmin başlama saatından 45 dəqiqə əvvəl telefonda qoşduğum saatın səsi çıxdı amma bilmirəm necə oldusa bir də ayıldım ki, filmə 7 dəqiqə qalır. 😀 Polislərin “baya bir yürüyeceksiniz” dediyi yolu “ha hə sən deyəndi” sürətilə getdim. Vaxtında girdim, hətta “jurnalı” da izlədim və bu filmə niyə gəldiyimi 10-cu dəqiqədən sonuncu 10-cu dəqiqəyə qədər düşündüm. “İstanbula niyə gəlmişəm”? Onun cavabını tapmamış “niyə gələr-gəlməz bu filmə gəlmişəm”? sualı da çıxdı ortaya. Bu fikirlərim acınacaqlı bir əhval yaratmasın. Əksinə..
Türk filmlərini son illərdə ciddi qəbul etməyə başlayıram. Həmçinin aktyor və aktrisalarını da. Yəni daha ciddi nəzər yetirməyə, tanımağa çalışıram. İzlədiyim filmdə aktyorlar hər biri öz obrazındakı emosiyaları o qədər gözəl çatdırmışdı ki, elə bilirdim ekranın əlləri boğazımdadı, məni hər an möhkəm sıxıb öldürəcək. Amma ssenari o qədər də təmtəraqlı görsənmirdi deyə hətta artıq düşünürdüm ki, rejissor bu qədər aradan sonra niyə məhz bunu çəkib? Film bitəndə bizim üçün adi hal almış növbəti sevgi hekayəsinin ssenarsini kənara qoyub qalan bütün hər şeyi incələyəndə başa düşdüm ki, yaxşı ki, filmi izlədim. Kədərli deyildim, sevincli də həmçinin. Sadəcə bunu qeyd etməyimin səbəbi odur ki, izlədikdən sonra müəyyən şeyləri xatırlayıb bir xeyli düşündüm.

Mənim atam çox qəribə tələbləri, qadağaları olan insan olub. Amma anam həmişə bu qadağaların ortasından bir qapı açıb. Bir az böyüdükcə anamı bu yaxşılığa görə qınayırdım amma ilbəil dəyişmişəm, böyümüşəm və anama qarşı içimdə böyük minnətdarlıq hissim var. Qardaşlarımı kənara qoyub öz adımdan danışım: mən yeniyetməliyimi hər tərəfli yaşamışam. Axmaqlıqlarım və üstünlüklərim daxil olmaqla özbaşına özümü yetişdirmişəm. Çünki ailədə çox soyuqqanlı olmuşam və içimi kimsə bilməyib. Öz aləmimdə özümü böyütmüşəm, tərbiyə etmişəm. Amma anamın mənə açdığı qapılar olmasaydı bəlkə nəticəm bugünki insan olmazdı. O qapılardan bəzən səhvən bəzən də çox düzgün şəkildə istifadə etmişəm. Bu mənim uşaqlıqdan bəri sürətli böyüməyimi davam etdirməkdə çox yardımcı olurdu. Və o dövrlərdəki qızı xatırlayıb sevinirdim, çətinliklərinə rəğmən o dərəcədə hər tərəfli yaşadığım üçün içimə xoşbəxtlik dolurdu. Sonra düşündüm ki, “bəs indi”?. Gənclik dövrlərimdəyəm, bəs bunu necə yaşayıram? Eynilə, yenə də çətinliklərimə baxmayaraq dibinə kimi, zibilini çıxardana kimi yaşayıram! 😀 Bunu bacara bilmək üçün çox çalışıram. 🙂 Hədsiz emosionallığım mənə çox əziyyət verir, amma buna rəğmən həmişə qalib olacağıma inanıram.

Həyatımda baş verən ən xırda xoş şeydən tutmuş ən xırda kədərə kimi hər şeyə sevinməyə başladım. Hər şeyi detallı düşünə-düşünə səhərdən hökm sürən eyni sakitliklə otelə doğru qayıdırdım. Hava elə gözəl idi..Təqribən eyni vaxtlarda sevdiyim insanla eyni ölkədə idik, hətta onun üçün tranzit olan İstanbulu paylaşırdıq amma görüşmə ehtimalımız yox idi. Keçirdiyim hisslər də özünü sakit aparırdı. Hisslərim öz böyütdüyüm uşağım kimi, artıq yetkin insan idi sanki, dərk etdikləri ilə verdiyi reaksiyalar üst-üstə düşməyə başlayırdı.

Sürətli külək başlamışdı, temperatur düşmüşdü amma Bakıdan çox fərqli idi. Külək insanı doğramır ya da bezdirmirdi. Sən özünü asanlıqla küləyə təslim edə bildiyini hiss edirdin. İstanbulda özümü ruh kimi hiss edirəm. Sanki o qədər adamdan biri səni görmür. Arabir üzərində olan hansısa geyimə nəzər yetirən qadınlar xaricində heç kim səni görmür. Ruh kimi insanların arasından yüngülcə keçib gedirsən. Qayıdanda yenə pul dəyişmə məntəqələrinə nəzər yetirirdim. Səhərkinə nisbətən dəyişiklik var idi. Onlarla da iki kəlmə kəsib, özümə yüngülvari yeməyə bir şey alıb otelə qayıtdım. İstanbulu hələ də sevib sevmədiyimi təyin edə bilmirəm. İrəlidə 7 gün var.

Otelə girəndən bir az sonra yadıma bir azərbaycan filmi düşdü. Mənim ən sevdiyim və yeganə təkrar izləyə bildiyim filmdi. Baş rolda Fəxrəddin Manafov. Adı isə: “Otel otağı”. Dəqiqələrcə ağlıma ilişdi. Sonra “buludun içinə girdim”, keçdi..

İstanbul, icazə ver sevim səni. Mən sənin üzünə baxıb sevə bilmərəm, çürükçüyəm, icazə ver tanıyım səni. Özünü aşkar et, aşkar et, duyum səni..

 

24.10.2016 / İstanbul