Tətilin dördüncü günü
4 Yan, 2016

Yeni İl münasibəti ilə bizə tətil günləridir deyə, işdən yorulmuş insanlar olaraq bu günləri maksimum dərəcədə yaxşı dəyərləndirməyə çalışırıq. Bayram günləri öz yerində, növbəti günlər üçün hər axşam plan qururduq. Yanvar ayının 2-sini ailəmiz ilə dəyərləndirdikdən sonra ayın 3-nə Niyazi (gələcək həyat yoldaşım olmaq üçün əlindən gələni edən adam 😀 ) ilə yeni şeylər düşünməyə çalışdıq. Son olaraq qərara gəldik ki, yığışaq qardaş və bacılarımızla gedək hansısa rayona qartopu oynamağa. Səhər açıldı və müəyyən problemlər ucbatından bu istəyimiz alınmadı deyə doyunca yatmaq qərarına gəlib, yatdıq. Sonra günorta oyanıb mənim Zenit E və FED 2 fotoaparatlarımı vurub qoltuğumuza çıxdıq çölə ki, gedək öncə plenka alaq və Zenit-lə FED-i müqayisə etməyə çalışaq, həm birgə vaxt keçirək, həm uzun aradan sonra yenə plenka ilə şəkil çəkməyin həyəcanını yaşayaq, həm də rayona getmək istəyimizi içimizdə öldürə bilmək üçün bir-birimizə ürək dirək verək. Hər şey də bundan sonra başladı.
Saat 15:00-da Niyazi ilə görüşək deyə razılaşdıq. Amma saat 15:16-a təsadüf etdi. Sonra da guya rahat və komfortlu gedək deyə metronu yox, 10-15 dəqiqə artıq getməyi gözə alıb “BakuBus”-ı seçdik. Azadlıq Prospekti metrosunun yanında avtobusa mindik, uzun müddətli şəhər ekskursiyamız ərzində mən və qarşımda oturan uşaq hər an qusacaq vəziyyətdə, zavallı şəkildə o anasına mən Niyaziyə baxa-baxa qalmışdıq. Və bitmək bilməyən qorxunc yol macəramızdan sonra möcüzəvi şəkildə “İçərişəhər” metrosuna çatdıq, özümü zorla çölə atıb doğuşa hazırlaşan qadınlar kimi “nəfəs al-nəfəs ver” prossesinə başladım. Niyazi də kənardan “…1,2,3..getdik..” deyə-deyə birtəhər məni sakitləşdirməyə çalışırdı. Bütün iylər zorla burnuma dolur sanki, avtobusun qarışdırdığı içalatım hər an çölə töküləcək bir halda, mən də uşaq nə vaxt çölə çıxacaq deyə gözləyən ana obrazında dayanmışam yolun ortasında. Birtəhər özümə gələndən sonra “cəhənnəm, əgər nə vaxtsa uşaq dünyaya gətirəsi olsam, qismən buna hazırıq” deyib, özümə təsəlli verib, yola davam etdik. Bir az addımlamışdıq ki, içimdə bir üsyan yarandı və düz ürəyimdən üzü dilimə doğru bir şəkildən digər şəkilə keçə-keçə 2 cümlə ilə üzü havaya səsləndi: Niyazi, Bakıya nifrət edirəm. Artıq bu şəhərdə boğuluram.
Bu bizim ölkənin gəncləri üçün çox adi, gündəlik bir cümləyə çevrilib amma mənim üçün bu hal yalnız son 1 ayda ürəyimdə özünə yer edib. Cümlənin ardınca xəyalımda 6-7 il əvvəl canlandı. Mən 9-cu sinifdə oxuyuram və ilk dəfə ciddi şəkildə kitab yazmağa cəhd etmişdim. Təbii ki, yaşım az idi və təvazökarlıqdan uzaq olsa da, mən düşünürəm ki, dünya görüşüm, savadım və nisbətən az yaşımın korlanmamış güclü fantaziyası yaşıdlarıma görə bir pillə irəli idi və 14-15 yaşlı biri üçün heç də pis alınmırdı. Amma elə o vaxtdan mükəmməlliyyətçi olmağım ucbatından, oxuduğum kitabların müəlliflərinə haqsızlıq olmasın deyə öz yazdıqlarımı ortalığa çıxartmırdım. 😀 Yəni onlar yazırsa mən nə edirəm görəsən?-deyə düşünürdüm. Uzun sözün qısası, ölkəmiz bir kənara Bakıya o qədər aşiq idim ki, tarixi-romantik roman yazma istəyim elə Bakının küçələrindən başlamışdı. İlk cümlə elə avtobusdan düşdüyümüz Şeyx Şamil küçəsindən başlayırdı. Necə oldu ki, o vurğunluq nifrətə çevrildi? Neçə oldu ki, son günə qədər içimdə ümid bəsləndiyi halda onu da öldürə bildi bu ölkə? Bunları düşündükcə yenə insan olaraq xoş duyğulu nələrisə itirdiyim üçün üzüldüm amma ardınca bu məndə yaxşı mənada elə bir hirs yaratdı ki, bəlkə bu hirs özü məni ağ günə çıxaracaq. Necə deyərlər- “bir gün mən də güllü tuman geyinəcəm”.
Ordan-burdan söhbət edə-edə gəldik çıxdıq MUM-un yaxınlığındakı məşhur KODAK-a. Pəh-pəhlə fotoaparatları açıb hazırlaşıram ki, plenka alıb, taxacam. Dayı üzümə baxır: biz 2 aydır plenka gətirmirik, heç plenka yumuruq artıq, çünki aparat xarab olub və biz lazımlı olan hissələri tapa bilmirik.
Bir anlıq elə qəmə batdım ki, elə bil bayaq nəfəs alıb-verməyin nəticə ölü uşaq oldu. Bu anda nöqtə boyda cansıxı şəhərdə nəticəsi olmayan əyləncə axtarışları ilə beynimizi yormayıb, əhvalımızı düzəltmək üçün nəsə yemək qərarına gəldik. Mənim Tuna salatı sevgim bizi “Gənc Tamaşaçılar Teatrı” ilə üzbəüz olan (təqribən) “Pitstop”a getmək üçün bir səbəbə çevrildi. Çünki o salatı ən çox orda yeməyi xoşlayıram deyə, Niyazi də razılaşdı. Sakit, amma, şaxtalı havanı düşünmədən, yolu alıb əlimizə getdik üzü o istiqamətə. Yol boyu özümə əl qatıb “Pitstop”-un çörəyini, salatlarını, yeməklərini filan tərifləyirəm. Birdən dayandım ki: “ay, Niyazi, həmişə haranı tərifləyirəmsə ora sırf səninlə gedəndə nəsə mütləq bir problem çıxır, pis duruma düşürəm”..Mən bu dəfə yanıldım? Yox!
İçəri girdik oturmağa bircə yer var idi. Ora da çox narahat və dar yer idi. Niyazi dedi ki, bəlkə yeri Reserve edək, bir az gəzişib qayıdarıq. Amma hamı gözümə Tuna salatı kimi görsəndiyi üçün mütləq ki, oturmalıyıq-deyib, özümüzü o narahat stola dürtüşdürdük. Lakin yeməyi çox sevən iki nəfər olaraq üzündə xoşbəxtlik dolu bir ifadə ilə menyunu gözləyirik. Ofisiant nəsə əsəbi idi, özünü idarə etməyə çalışsa da mən bunu hiss elədim və sakit şəkildə menyunu istədim, gətirdi verdi. Mənim seçimim bəlli, Niyazi də menyunu 6 dəfə o yana, 6 dəfə bu yana vərəqləyəndən sonra nəhayət seçim etdi. Bizə yaxınlaşmaqda bir az gecikirlər amma biz narahat deyilik, müştəri çox idi və biz bunu başa düşürdük. Sifarişləri verdik nəhayət, bir xeyli gözləmişdik, hələ də yeməklər gəlməyib, stola heç çəngəl-bıçaq da gəlməyib və bir müddət sonra digər rahat yerlərdən biri boşaldı, biz də şələmizi-şüləmizi götürüb keçdik ora. Elə o anda ofisiantın ikisi də “aaaa, ora reserve olunub, artıq gəlirlər” dedilər. Mən də soruşdum ki; indi siz deyirsiniz biz keçək geri oturduğumuz yerə?
Üzr filan istədilər amma buna rəğmən sakitcə durub, hazırlaşıb çıxdıq ordan. Çünki şəhərdə tətil günləri ilə əlaqəli olaraq çox adam var, hər yer doludu, biz də içəri girəndə reserve əvəzinə harasa soxulub oturduq deyə mənə pis təsir etdi, o qədər pis ki, Tuna salatı sevgimi ürəyimdə boğmalı oldum. 😀 Onları başa düşürəm, heç nə edə bilməzdilər, amma biz də artıq tələbkar müştəri olaraq oranı tərk etməli idik və etdik.
Sonra üzü Fəvvarələr Meydanına tərəf istiqamət aldıq və yolüstü mən “Dəfnə”ni, “Lavazza”nı məsləhət gördüm amma Niyazi “sən saxla, sənin bahalı menyulu restoranlarında mən heç nə seçəmmirəm” dedi deyə, susmalı oldum. 😀 Amma bu təqribən 5 dəqiqə çəkdi və mən “ae gəl gedək ARAZ-a, kişi kimi yeyək, çıxaq” dedim. Getdik “ARAZ”a. Tuna-dan keçdik yarpaq dolmasına, lülə kababına. Amma çörəyə 1.50 AZN əlavə çıxdıqlarını bildiyimiz anda “ARAZ”la sağollaşmalı olduq. Bir də yenidən şələ-şüləmizi yığıb çıxdıq çölə. Dedim, “olmasın ARAZ, olsun XƏZƏR”. Üzü “XƏZƏR”ə doğru böyük ümidlə addımlayırdıq. “XƏZƏR” bağlı idi. Keçirdiyim hisslərdən bəhs etmədən növbəti mərhələdən yazım. İllah ki, məkan və menyunun fərqi olmadan nəsə yeyəcəyik deyə bir üzü “KFC”-ə, bir üzü “McDonalds”-a baxdıq, beş addım “KFC”-ə tərəf atdıq, sonra min addım geri atıb “McDonalds”ı seçdik. İçəri girdik, bəh-bəh, hamı yeyib-içir, elə bil Fast Food deyil, toydu-bayramdı. Kassaya yaxınlaşdıq amma haramızda yeyəcəyik deyə aydınlaşdıra bilmədiyimiz üçün çıxıb üzü rəhmətlik Fəvvarələr Meydanına baxa-baxa düşündük. “Greens”, “Büyük Fırat”, bəlkə ev?…Gözümüz “Pizza İn”-ə sataşdı. Adam-adamın üstündədi amma ümidlərimiz hələ də ölməyib. Sağolsunlar, qapıda yaxşı qarşıladılar, yer tapdılar, ötürdülər masaya. Niyazi stolları bəyənməsə də, mənim ac sifətim onu oturmaq məcburiyyətində qoydu və həyatımda gördüyüm ən qalın menyunu əlimə alıb vərəqlədim. Seçim çox idi, bu əla bir şey idi. Niyazi ilə nə yeyəcəyimizə qərar verdikdən sonra oturub ora-bura qaçan ofisiantlardan hansını macal tapıb çağıra biləcəyik deyə ortalığa baxırıq. Çətin bir oyuna bənzəyir, ofisiantlar sanki əks mövqedədi, müştərilər bizimlə eyni komandadır və gülləni atsam sürətli şəkildə qaçan ofisiantlardan birinə dəyərmi ya dəyməzmi deyə təyin bilmirdik. Yan stola yaxınlaşan ofisiant özünü bizim silahın düz altına tutdu deyə, hay-huy edib Niyazi onu səslədi. Eşidib reaksiya verməyən ofisianta “ay, qaaaa” deyəndən sonra bizim stola dönməsi ilə bu ölkədən getmək istəyimin hədsiz qabarmağı üst-üstə düşdü. Çevrildi və “bizim stola kim baxacaq” sualına elə bir təbəssümlə cavab verdi ki, özümüzü günahkar hiss etdik amma bir yandan da tələbkar müştəri obrazı üçün əla reaksiya oldu deyə onu bir neçə saniyəlik bağışladıq. Çox uzatmıram, sadəcə yeməkləri gözləyə-gözləyə ümumi salona baxırıq. Elə bu mənzərəyə baxa-baxa Niyazi yaxşı bir cümlə dedi: bizim ölkə heç bir fövqaltəbii hadisəyə hazır deyil, nə yaxşı hadisə nə pis hadisə..
Qarnımızı tox edəndən sonra nənəmgilə çay içməyə gedəcəkdik, taksi ilə tez gedərik deyə-deyə bu dəfə də taksi bizi geri atdı. Nə “Taksi 24”, nə “Dost Taksi” (ən çox bunları istifadə edirik) lazım olduğu kimi işi yarıtmadı. Söhbətə doğuşla başlamışam doğuşla da bitirim. Yəni məsələn, mən doğası olsam, maşınımız hələ də olmamış olsa, taksi çağırası olsaq yolun düzündə doğub qurtarmışdım artıq. Hətta uşağa da ad vermişdik.

22:30-avtobusda mürgüləyə-mürgüləyə toy eləmək barədə növbəti qənaətli büdcəmizi çıxarmağa çalışırıq. Çathaçatda hər dəfə olduğu kimi bu ölkənin vətəndaşı olaraq yenə evlənməmək qərarına gəldik.

Şərhlər

  1. Revan dedi ki:

    Hew bir wey, Allah imkan versin, xaricde olanda, Bakiya sevgi yeniden yaransin, çehrai eyneklerden istifade edib qewey kitab yazasan Baki haqqinda. Xaricdeki macaralarida yalannan qatasan Bakinin kucelerine 😀