Yaşıl diplom
19 Yan, 2016

2010-cu il, mən 10-cu sinifdə oxuyuram. Həmin il sinif yoldaşlarım repetitor yanına getməyə başladılar. Mən də adəti üzrə gedib evdə bəlkə məni də bir hazırlığa filan göndərəsiniz-dedim. Həyatımın çox mərhələsində olduğu kimi bu mərhələsində də atam öz həyatından misal çəkərək: biz müəllim filan yanına getməmişik amma ali məktəbə də qəbul olmuşuq..deyə bir cavab verdi. Məni kədər bürüdü. Rəhmətlik nənəm dil tökdü, anam dedi, mən dedim, babam dedi..atam nuh dedi, peyğəmbər demədi. Mən də atdım bu fikri beynimdən və qərara gəldim ki, 11-ci sinifdən özüm tək hazırlaşaram, sonra da nə olarsa olsun.

Baxmayaraq ki, mən məktəb illərində həmişə dərslərinə hazır, yaxşı oxuyan şagirdlər sırasında olmuşam amma mənim də zəif dərk etdiyim, yaxşı qiymətlər alsam da əslində 1 il sonra unutduğum fənnlərim olub. Amma ümumi olaraq həmişə çalışqan olmuşam deyə özümə güvənirdim ki, bunu tək özüm hazırlaşaraq da bacara bilərəm. Müəllimlərimlə də həmişə aram yaxşı olub. Çox az hallarda hansısa müəllimlə sözüm çəp gətirərdi, onda da allah kəssin, az qala qan su yerinə axsın. Nə isə, dərs ili yeni başlamışdı ki, məni çox istəyən müəllimlərimdən biri (İnformatika müəllimim idi) yaxınlaşıb-sən hazırlıqlara başlamamısanmı? –deyə sual verdi. Çünki sinifdə imkanları pis olduğu üçün hazırlığa getməyən bir qızdan və işə yaramaz bir-iki oğlandan başqa hamı hazırlığa gedirdi deyə dərs saatlarında da fürsət tapan kimi hazırlıq dərslərini edirdilər, mən isə yetim Eyvaz kimi bir tərəfdə oturub, müəllimlə komputerdə qurcalanırdıq. Mən müəllimə evdəki hekayəni izah etdim, müəllimə isə mənə “elə şey olmaz” dedi və “riyaziyyatdan qızımın yanına hazırlığa gəl” dedi. Düzü qorxuya düşdüm, çünki nə deyim bilmirdim. Atamdan icazə alaram, icazə versə və pulunu versə gələrəm –dedim. Sonra müəllimənin uzun izahatından sonra başa düşdüm ki, əslində mənim mütləq ki, ali təhsilimin olmasını istəyirmiş deyə pulsuz hazırlaşdırmaq üçün çağırıbmış. Qalan fənnlər də zamanla qaydasına düşər –deyib, içimdə böyük ümidlər yaratmışdı. Bundan sonra mən o möhtəşəm riyaziyyat müəlliməmlə tanış oldum. Bilirsiz, çox gözəl müəllimə və çox gözəl insandır..o zaman 4-cü kursda oxuyurdu. Ali təhsilinə başladığı gündən anası hazırlaşdırmağı üçün bir uşaq götürüb və zamanla bunu artırıb. Nilufər müəllimə məni 10-cu sinif boyu pulsuz hazırlaşdırdı. Mən isə fürsət olduqca anamla ona gözəl hədiyyələr aldıq, biz də onu başqa cür sevindirməyə çalışdıq.

Bircə fənndən hazırlığa getdiyim üçün, boş vaxtım digərlərinə nisbətən çox idi və 10-cu sinif boşluğumu tarix olimpiyadası ilə doldurdum. Qarşıma məqsəd qoydum ki, Respublika birincisi olum. Oldum? Yox, olmadım. Çünki Bakı şəhəri turundan sonra pul istədilər. Bilirsiz, bu 16 yaşlı bir qızı sarsıtdı amma ürəyimi incitmədi, sadəcə sarsıldım və tez də unutdum. Bunu ona görə qeyd etdim ki, yazının sonunda müqayisə etmək üçün lazım olacaq. Uzun sözün qısası, 11-ci sinif başladı və atam qərara gəldi ki, məni digər fənnlərdən də hazırlığa qoysun (3-cü qrupa hazırlaşırdım). Bu söhbət açılmışkən evdəkiləri qarşıma yığıb “mən heykəltəraş olacam” cümləsini düz qonaq otağının ortasına qoydum. Hər kəs bir o cümləyə baxdı bir də mənə. Sonra atam kimsə nəsə deməlidir deyə, düşünüb “yox” dedi. Mən 8-ci sinifdə oxuyandan ümidini incəsənətə bağlamış adam olaraq üsyan etmək istəyirdim amma o zamanlar atasının sözündən çıxmayan, ondan çəkinən və arzularını boğmaq məcburiyyətində qalan bir qızcığaz idim deyə hər şey içimdə qaldı. Bir-iki cümlə ilə bunu nə qədər istədiyimi izah etdim, sonra vaz keçib, Heykəltəraşlıq olmasın bari Rəngkarlıq olsun -dedim, ondan sonra heç olmasa Dizayn olsun –dedim..amma sadəcə dedim, nəticə onsuz da mən deyən olmadı. Atam dedi ki: bu istəklərini ali təhsilin olmadan da reallaşdıra bilərsən. Amma mütləq ki, başqa bir ixtisasdan yaxşı təhsilin və nəticəsi olaraq diplomun olmalıdır. Söhbət bağlandı, sonra mən tarix və ingilis dilindən hazırlığa başladım, Azərbaycan dili və Ədəbiyyat müəllimi axtarış və seçimlərim nəhayət Yanvar ayında xoş bir nəticə verdi. Sinif yoldaşım yaxşı bir müəllimin yanında hazırlaşırdı, müəllim məni yalnız onun xahiş, minnəti ilə qrupa qəbul etdi və artıq həmin ilin 2 ya 3-cü təkrarlarında olduqları üçün hec cür zəmanət vermədiyini dedi. Mən isə yenə də özünə güvənən bir zavallı şagird idim. Nəticəm müəllimənin repetitorluq f’əaliyyətində yaşadığı ən gözlənilməz hadisələr sırasında özünə yer etdi 😀 (17-azərb. dili, 20-ədəb..o müddət və sürətli təkrarlar üçün bu yaxşı nəticə idi). Aprel ayında ən sevimli müəllimlərimdən biri olsa da, fənni mənə əzab verən ingilis dilindən çıxdım. Yalnız imtahandan 4 həftə əvvəl rus dilinə başlayıb, imtahanı da o dildən verdim. Bir sözlə hər şey bir-birinin belində idi. Bir dəfə mənimlə çox az danışan Azərbaycan dili və Ədəbiyyat dilindən hazırlıq müəllimim sual verdi: sən harda oxumaq istəyirsən, hədəf balın nə qədərdir? Mən bütün dəftərlərimin küncünə-bucağına yazdığım “ADRA”-nın üstündə barmaqlarımı gəzdirə-gəzdirə, həyəcanla “Rəssamlıq Akademiyasına istəyirəm, balım isə 368 olsun” -dedim. Müəllimə donuq üzlə mənə baxıb “hədəfin niyə bu qədər cılızdı” dedi? Mən: akademiyada istədiyim ixtisasda təhsil almağımı atam istəmir və sırf o ab-havada olmaq üçün, incəsənətdən uzaq düşməmək üçün qabiliyyət imtahanı tələb etməyən yeganə ixtisasa verəcəm, onun pulsuz qəbulu üçün tələb olunan balı isə 368-dir. Və mənim hədəfimin az olması isə iki səbəbə görədir. Birincisi, mən normal hazırlıq mərhələsi keçmədiyim üçün yüksək hədəf qoya bilmərəm, hələ bu şərtlər altında çox əziyyət çəkirəm, daha böyük hədəf üçün nə qədər çalışsam da ona çatmayacam, çünki mən gecikmişəm, geri qalıram və gücüm çatmır. İkinci səbəb isə, əgər mən o baldan daha yüksək bal toplasam ixtisas seçmədə ilkin pillələrdə daha fərqli ixtisasları yazmalı olacam və onlardan birinə qəbul olub mənasız 4 il keçirəcəm.

Bilirsiz, imtahanı verdim, 367 bal topladım, ixtisas seçmədə birinci pillədə özümə lazım olanı yazdım və qalan 14 xananı boş yerə doldurdum. Rəssamlıq Akademiyasına qəbul oldum, dövlət sifarişi və yeganə qabiliyyət tələb olunmayan “Sənətşünaslıq” fakültəsinə (ikinci kursdan ixtisas seçmədə mən “İncəsənət əsərlərinin bərpası və ekspertizası”nı seçdim). Əvəzində gözlərimi verdim.

Dərsə ilk getdiyim gün o qədər gözəl xəyallarım var idi. Puç oldu hamısı. Çünki eyni ixtisasa qəbul olmuş qrup yoldaşlarımdan ikisi xaric heç biri hara qəbul olduğunu bilmirdi. Buna görə birinci kursda yaranmış digər fakültəyə keçmək fürsətini dəyərləndirməyə çalışdım amma bu dəfə də atam mənə mane oldu. Bundan sonra istəklərimi yığıb bir kənara qoydum, hər şeylə barışdım və qəbul olduğum ixtisası çox yaxşı oxuyub, akademiyanı qırmızı diplomla bitirmək barədə qərar verdim.

Qrupda heç vaxt rəqabət olmadı və bu mənim tələbəlik həyatımda ən pis hadisələrdən biridir deyə düşünürəm. Çox dussuz bir tələbəliyim var idi deyə başladım təhsildən əlavə iş-güc dalınca qaçmağa. İmtahanları ard-arda verdim, təqaüdüm 5 semestr əlaçı təqaüdü oldu, əlavə olaraq az-maz işlədikcə qazandım, qazandıqca daha çox işlədim, daha çox işlədikcə çox şeyi də öyrəndim, özümü hər cəhətdən inkişaf etdirdim, qazandığımı boğazımdan kəsib texnikaya xərclədim, həmişə qarnım ac idi, heç vaxt qəşəng geyinmirdim, çox zaman makiyajsız və səfil günündə idim, piyada gəzirdim, fotoqrafiyanı və dizaynı öyrənirdim, savadımı, dünya görüşümü, işləmək və qazanmaq qabiliyyətimi və s. inkişaf etdirdikcə həyata qarşı soyumağa başladım. Uğur əldə etdikcə daha çox soyudum. Çünki mən də səhər durub qəşəng geyinmək, makiyaj etmək, dərsə gəlmək, dərs arası bufetə getmək, dərsdən sonra gəzməyə gedib cibimdəki pulu səhər evdən verəcəklər deyə rahat xərcləmək, evə tələsmək, evdə oturub işləmək əvəzinə TV-i izləmək və s. kimi şeylər istəyirdim. Bu axmaqcasına səslənsə də uzun illər boyu bunun təəssüfkeşliyini yaşayacam.

Baxmayaraq ki, dərs baxımından hec cür dil tapa bilmirdik amma əslində çox yaxşı qrup yoldaşlarım olub. Yəni bir nəfər fitnəkar qızı və zəhlətökən oğlanı çıxmaq şərtilə qalanı insan olaraq yaxşı insanlar idilər.

Akademiya çox gözəl yerdi. Sırf ixtisas müəllimləri mükəmməl insan və müəllimlərdir. Ən yaxşı rektor bizdə idi. Dekanımızı da o qədər çox istəyirdik yəqin heç kim öz dekanını o qədər çox istəməz.

2015-ci ildə təhsilimi bitirdim. Bezgin, yorğun bir insan idim. Aprel ayının 21-i Dövlət İmtahanımı verib akademiyanı tərk etdim. Akademiyada sözün həqiqi mənasında yaxşı dərs keçmiş müəllimlərimi heç vaxt unutmayacam. Sonradan mən rəssamlıqla da məşğul oldum, indi də oluram amma atam icazə vermədi ki, mən digər korpusun tələbələri ilə eyni otaqda oturum. Buna baxmayaraq qəbul olduğum ixtisası tədris olunduğu səviyyədə mənimsəmək mənə çox şey qazandırdı. Bunu artıq həyatının növbəti mərhələsində hiss edirsən. Savadlı insanla savadsız insan arasındakı fərqi həyat özü hər addımda sənə hiss etdirir. Bu məni xoşbəxt edir. Həm təhsili həm işləməyi birgə yarıda bildim. Pulsuz da işlədim, pullu da işlədim, bir tərəfdə təcrübə yığıb digər tərəfdə o təcrübəni xərclədim. Təhsilimi tam bitirəndən sonra başladım daha rahat işləməyə, daha rahat inkişaf etməyə. Əslində bunları yazma səbəbimi izah edim: işə getdiyim günlərin birində, metroya çatmağa tələsirəm, hava soyuqdur və girişdə bir xanım çox acınacaqlı halda ağlayaraq üstümə gəlir, məndən pul istəyir, çox tələsirdim deyə dayana bilmədim, yoluma davam etdim. Yol boyu bilirsiz nə düşünürdüm? Mənim cibimdə o qədər pul var ki, o xanıma versəydim bəlkə nə qədər dərdinə dərman edərdi. Yadıma düşür ki, tələbə vaxtı nə qədər əziyyət çəkirdim, oxuyurdum, işləyirdim. Özümü buna məcbur edirdim. Mən akademiyaya daxil olanda 17 yaşım var idi və artıq bir neçə ay sonra bütün həyatımın yükünü üzərimə götürdüyümün fərqinə varmışdım deyə, dayanmaq variantım yox idi. O vaxtı düşünürdüm ki, eybi yox, yarı qarnı ac, yarı qarnı tox olum amma bir gün tələbə olmayacam və işləyib qazananda həmişə qarnım tox olacaq. Bəli, bugün buna çata bilmişəm, normal yaşamaq üçün həmişə pulum var. Çox şükür bu belədi. Pulun olması insanı bu qorxunc kapitalizmin içində az da olsa özünü güvəndə hiss etdirir, bu təbii ki, mənəvi olaraq da insanı rahat edə bilir. Amma xoşbəxt edə bilmir. Əgər məktəbdə mən manatlara çatmağa çalışırdımsa, tələbə vaxtı yüzlüklərə çatmağa çalışdım, indi minliklərə çatmağa çalışıram. Bəlkə nə vaxtsa milyonlar üçün çalışacam amma həyatın qayəsi başqadı..(bu artıq ayrı mövzudu deyə uzatmıram, qalsın başqa vaxta).

Ötən həftə diplomumu aldım. İstəyimə çatdımmı? Yox! Göy diplom aldım. İşin ən pis tərəfi odur ki, ya qırmızı diplom alırsan ya da göy. Qırmızı ilə göy arasında bir dənə yaşıl olmalıdır. Yaşıl diplom! Ortalama balı 81-91 olan amma qırmızı diploma düşməyən yetimlər üçün yaşıl diplom verilməlidir. Çünki hırnan-zırı qanmayanlar da göy diplom alır, hırnan-zırı qananlar da. Mənim diplom balım 91 (A)-di. Bu nə işə yarayır əgər diplom Yaşıl deyilsə?

Akademiyada məndən heç vaxt pul istəməyiblər. Buna görə təşəkkür edirəm. Çünki mən 90 alsam onu 91 edərdilər amma heç vaxt 89 etməzdilər. Yəni çalışan tələbəyə artıq qiymət verərlər amma əskik verməzdilər. Həmişə bizə dəstək olurdular, həmişə bizə güvənirdilər. Əgər sən çalışırsansa həmişə arxandadılar. Əks halda “öl canın çıxsın”. Yaxud bu məndə belə olub, bilmirəm, amma mənim üçün belə idi və buna görə bütün vicdanlı olan müəllim və dekanımıza qarşı içimdə hörmət, sevgi və minnətdarlıq hissi daşıyacam.

Diplomu götürməyə gedəndə isə imtahanda içəri girər deyə qorxduğumuz qadın məndən “şirinlik” istədi. Vermədim, çünki mən göy diplom aldım, əvəzində isə gözlərimin qalan hissəsini, onurğa sütunumu və həyatımın “tələbəlik illəri” deyilən illərini verdim. Peşman deyiləm. Amma o “şirinlik” istəyi mənim 10-cu sinifdə yaşadığım sarsıntıdan daha artıq bir iz qoydu.

Mən son 5 il ərzində şablonlaşmış “pul insanı xoşbəxt etmir” və “həyatda ən önəmli şey sağlamlıqdır” fikirlərinin əhəmiyyətini dərk etdim. Amma Yaşıl Diplom almadım.

 

 

  • Həmişə qrupda öyrənməyə birgə çalışdığımız iki qızla oturub yaşıl diplom haqqında xəyallara dalırdıq..Həmidə, Nərmin, Yaşıl Diplom yox imiş..
  • Hansı ixtisasda təhsil almağınızdan asılı olmayaraq bundan imtina etmək kimi bir seçiminiz yoxdursa çalışın o ixtisası öyrənin, tədris olunan fənnləri 50% də olsa mənimsəyə bilsəniz, təhsilinizi bitirər bitirməz fərqi hiss edəcəksiniz.
  • Mən də akademiyada öyrəndiklərimi video bloqda ən sadə dildə və ən yığcam şəkilə sizə də öyrədəcəm. Bizim üçün onları bilmək adi hal alsa da düşündüm ki, bunları bilməyən çox insan var. Hissə-hissə hazır edirəm, tezliklə paylaşacam. 🙂